Azərbaycanda din siyasəti dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir:
"Qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır".
Dini Komitənin sədri bildirib ki, Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda, sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir:
"Dövlət-din münasibətləri modelimiz hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir".
R.Məmmədov vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə söykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:
"Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dönəmlərində böyük siyasi uzaqgörənliklə müəyyənləşdirmişdi ki, müstəqilliyini bərpa etmiş bir xalqın birliyini təmin edən ən mühüm faktor məhz milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır. Bu yanaşma konyuktur xarakterli deyil, hüquqi əsaslara söykənən, ardıcıl və prinsipal xarakter daşıyır. Din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilə təmin olunmuş real bir dəyər kimi təqdim olunur. Bu o deməkdir ki, din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət dinə qarşı laqeyd mövqe tutmur və bütün konfessiyalar bərabər hüquqlara, imkanlara malikdirlər. Bu prinsip dövlətimizin vicdan azadlığına verdiyi ali dəyərin və hüquqi ehtiramın bariz nümunəsidir".