Azərbaycanla qarşılıqlı əlaqələrimiz strateji tərəfdaşlığa əsaslanmaqla yanaşı, yüksək dinamikası ilə fərqlənir.
Bu barədə "Report"un yerli bürosuna qazaxıstanlı politoloq Nurlan Munbayev Azərbaycanın xarici siyasət kursunu şərh edərkən bildirib.
"Bakı və Astananın qarşılıqlı əlaqəsi strateji tərəfdaşlıq səviyyəsində qurulub və yüksək dinamikası ilə fərqlənir. Əməkdaşlıq enerji, nəqliyyat, logistika, investisiya və humanitar sahələrini, o cümlədən Transxəzər istiqamətinin inkişafını və türk inteqrasiya formatları çərçivəsində koordinasiyanı əhatə edir", - o bildirib.
N.Munbayevin fikrincə, Azərbaycan və Qazaxıstanın yaxınlaşması təkcə ikitərəfli deyil, həm də daha geniş strateji əhəmiyyətə malikdir: "Çünki bu, Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadi bağlılığını gücləndirir, eyni zamanda türk dövlətlərinin Avrasiya məkanındakı mövqelərinin möhkəmləndirilməsinə töhfə verir".
O vurğulayıb ki, Azərbaycan Prezidentinin xarici siyasəti sistemli və uzunmüddətli xarakter daşıyır, dövlət suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsinə, Cənubi Qafqazda və qonşu regionlarda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlib.
Politoloq, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatını şərh edib: "Bakının sülh ilə bağlı təşəbbüsləri konkret praktiki addımlarla müşayiət olunur".
O, nümunə olaraq Azərbaycanın bu yaxınlarda Ermənistana 22 vaqon neft məhsulları göndərməsini göstərib və bunu regionda etimadın bərpasına yönəlmiş iqtisadi və humanitar siqnal kimi dəyərləndirib.
N.Munbayev vurğulayıb ki, bu cür addımlar nəqliyyat və ticari-iqtisadi əlaqələrin bərpası, həmçinin ölkələr arasında münasibətlərin tədricən normallaşdırılması üçün zəmin yaradır.
Bununla yanaşı, o hesab edir ki, söhbət birdəfəlik jestlərdən deyil, Azərbaycanın sabit və proqnozlaşdırılan regional məkanın formalaşdırılması üzrə ümumi strategiyasına uyğun düşünülmüş bir xətdən gedir.

