Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcud olsa da, vahid və etibarlı bir məlumat bazasının yaradılmasına ciddi ehtiyac var.
"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsində deyib.
O qeyd edib ki, cəmiyyətə təqdim ediləcək dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır:
"Bu dəyərlərin təqdimat formaları da dövrün tələblərinə uyğun olmalı və geniş auditoriya üçün əlçatan edilməlidir. Bu gün hər bir dövlət çalışır ki, minimum müdaxilə ilə, lakin maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etsin. Məsələn, bəzi ölkələr sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq yolunu seçir. Lakin bu, uzunmüddətli və effektiv həll yolu hesab edilə bilməz".
R.Həsənovun fikrincə, burada əsas məsələ alternativ, sağlam və cəlbedici məzmunun yaradılmasıdır:
"Yəni elə bir informasiya və proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçsin, ona maraq göstərsin və etibar etsin. İnformasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Buna görə də bizim yanaşmamız qadağalar üzərində deyil, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya üzərində qurulmalıdır".