Lent.az-ın müsahibi "Ədəbiyyat qəzeti"in baş redaktoru, yazıçı Azər Turandır.
- Azər müəllim, sizi yaxşı gördüm...
- Hər şey qaydasındadır. Çalışırıq ki, daha da yaxşı olsun.
- Repressiyaya məruz qalanlar siyasətin qurbanı olublar. Maraqlıdır, yazıçı, şair siyasətdən qaça bilər, yoxsa qaçdığını zənn edir?
- Yox, siyasət başqa, ədəbiyyat başqadır. Hətta siyasətlə siyasəti-fürusət də başqa-başqa anlayışlardır. Siyasəti-fürusət azad düşüncənin, ayıq təfəkkürün öldürülməsidir. Baxmayaraq ki, Mikayıl Müşfiq bəzən siyasi məzmunlu şeirlər yazıb.
- Hətta Stalinə həsr etdiyi şeiri də vardı.
- Bəli. Amma Stalin dövründə ona siyasəti-fürusət etdilər. Yəni öldürdülər. Özünü də, düşüncələrini də. Siyasət özü gəlib tapır sənəti. Hüseyn Cavid “Sənət başqa, siyasət başqadır” demişdi. Siyasət isə o sözün yaxasından yapışdı və əl çəkmədi. Cavidin bir insan olaraq süqutuna, ölümünə yol açan ideya dediyi həmin sözlərdən qaynaqlandı.
- Müşfiq siyasətə qarışmamışdı, bəs siyasət onu niyə tapdı?
- Yeni sistem qurulmuşdu və sistem öz yolunu müəyyənləşdirirdi. Bu istiqamətdə kim və hansı düşüncə ona mane ola bilərdisə, sıradan çıxarılmalıydı. 1937-ci ildə nəinki şairlər, bəzən hətta kommunist məmurlar da bir-birinin qəniminə çevrilmişdilər. Ruhulla Axundov kimi, Mirzə Davud Hüseynov kimi. Onlar öz dövrlərinin kommunist əqidəli insanlarıydılar. Amma özlərinin qurduqları sistem tərəfindən güllələndilər. Sistem isə məkrliydi. Amma ağılsız da deyildi. İndi az qala yüz illik uzaqlıqdan baxanda, tutaq ki, Ruhulla Axundovun, yaxud Mustafa Quliyevin fəaliyyətini, Mirzə Davud Hüseynovun bəzi çıxşılarını oxuyanda düşünürsən ki, bunlar əsl milli ruh daşıyıcıları olublar və bu səbəbdən də təbii ki, sistem üçün yad olublar… Tutaq ki, Ruhulla Axundov sovet düşüncəsində olub. Lakin həm də milli istiqamətləri var idi. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini işlədiyi vaxtlarda bütün türkoloqları Akademiyanın fəaliyyətinə cəlb edə bilmişdi. Mahmud Kaşqarlının "Divani-lüğəti-türk" əsərinin tərcüməsinə təşəbbüs göstərmiş və bu işin reallaşmasına nail olmuşdu. Hüseyn Cavidə "Xəyyam" əsərini yazmağı o təlqin etmişdi. O da 1937-ci ildə həbs olunub. Bağırov hər axşam şəxsən NKVD-ə gəlib Ruhulla Axundova necə işgəncə verilməsinə tamaşa edib. Amma bu tamaşadan zövq alıbmı, bilmirəm. Ruhullanı öldürməmişdən qabaq gözlərini çıxarıblar, sümüklərini sındırıblar, uşaqlarını körpələr evinə veriblər… Sistemin mahiyyəti belə olub.
- Mən, əslində, filankəs niyə öldü, filankəs niyə qaldı söhbəti etmirəm. Sadəcə bilmək istəyirəm ki, Müşfiqin də sistem üçün heç bir təhlükəsi yox idi, Süleyman Rüstəmin də. Amma Müşfiq buna məruz qaldı. Burada əsas kriteriya nə idi?
- Süleyman Rüstəmə Azərbaycanda ədəbi təfəkkürü yeniləyən, onu ələmdən nəşəyə yönəldən şair kimi baxıram. O illərdə, xüsusən repressiyaya qədər, daha çox isə iyirminci illərdə ədəbiyatda demokratik ab-hava var idi. Müşfiqin Lenini nəzərdə tutaraq yazdığı şeirinə baxın:
O kişi duymadı insaf, mərhəmət, Haydı, dik başları, haydı, vur - dedi. Qardaşı qardaşa eylədi düşmən, İşçini işçiyə eylədi qardaş, Kilidlənib köhnə ağızlar həmən, İnsanlıq başına yağdırıldı daş, Əsrin kürsüsünə çıxanda Lenin.
Süleyman Rüstəm isə başqa əyarlı şair idi. Müşfiq getdi, Süleyman Rüstəm qaldı. Gedənə itkimiz kimi, qalana ədəbiyyat baxımından qazancımız kimi baxmalıyıq. Hüseyn Cavidin "Azər" poemasında məşhur bir parça var:
Nə əcaib sürü yahu bunlar Öndə rəhbərlik edir maymunlar Əzəmət düşkünüdür alçaqlar Rəqsi təlim ediyor axsaqlar.
Deyirlər ki, görün, Cavid necə cəsarətli olub ki, Bağırovun dövründə belə bir şeir yazıb. Cəsarətliydi, bəli, amma Cavid onu yazanda Azərbaycanın rəhbəri Bağırov yox, Levon Mirzoyan idi. Cavidin hədəfi birbaşa Mirzoyan idi. Biz sadəcə o ünvanları qarışdırdıq. Məfkurələrin toqquşduğu illər idi. Milli məfkurə və Avropa estetikalarına gedən yol “Füyuzat”dan başlayırdı. Bu yol sonucda gəlib Azərbaycan Xalq Cümhuriyyətini, onun bayrağını, ideologiyasını yaratdı. Ölkəmizdə eyni vaxtlarda yaransalar da, mövcudluqlarının ilk dönəmlərində eyni hədəfə vursalar da Türkçülük məfkurəsi ilə Azərbaycançılıq məfkurəsi 1930-cu illərdə artıq az qala, antoqonist mənalar daşımağa başladı. Türkçülük müstəvisində israr edənlər aradan götürüldü. Meydan Azərbaycançılara verildi. O mənada deyirəm ki, gedənlərə itkimiz kimi, qalanlara qazancımız kimi baxmalıyıq.
- Amma təəssüf ki, belə bir dövrdə Azərbaycanın güc strukturları da ermənilərin nəzarətindəydi.
- Hə. Bağırovun ən böyük qəbahəti də bu nöqtədədir. Azərbaycanın bütün güc strukturlarının rəhbərliyinə erməniləri yerləşdirmişdi. Daşnak düşüncə səksəninci illərin sonlarına qədər Azərbaycanda özünə yer tapa bilirdi. O, əsaslı şəkildə və birdəfəlik İkinci Qarabağ Savaşında məhv edildi.
- O dövrün rəhbərləri demişkən, Mircəfər Bağırov məsələsi hələ də müzakirə edilir. Ona tərəf çıxanlar da var, tənqid edənlər də. Hətta deyirlər ki, Bağırov Azərbaycanı parçalanmaqdan qoruyub.
- Sənədlərdə Mircəfər Bağırovun Azərbaycanı bütöv görmək, birləşdirmək, “Cənubi Azərbaycan bizimdir, hətta istəsəniz Tehran da bizimdir” kimi fikirləri var. Pişəvəriyə də təlqin edir ki, bütöv Azərbaycan quraq, Təbrizdə Milli Azərbaycan hökuməti qur, müstəqillik elan et. Pişəvəri də ona deyir ki, ruslar indi bizi buna təşviq edirlər, amma zaman gələcək, kənara çəkiləcəklər. 1945-ci ildə Azərbaycan Demokratik Firqəsi quruldu. Pişəvəri hakimiyyətə gəldi. 1 il sonra bu hərəkatın iştirakçıları və liderləri qanına qəltan edildi. 25 min insan öldürüldü. Onda Bağırov niyə heç bir şey demədi və susdu? Çünki bu elə əvvəldən Stalinin planı idi. Cənubi Azərbaycan torpaqlarında neft hasilatında iştirak etmək istəyirdi və buna görə də İran şahına Azərbaycan kartı ilə təzyiq göstərirdi. İran şahı da İranın maraqlarını Azərbaycanlıların maraqlarından üstün tutub, ölkənin baş naziri Qivamı Stalinlə danışıqlar aparmaq üçün Moskvaya göndərdi, neftlə bağlı razılığa gəldilər və yalnız bundan sonra Stalin bəyan etdi ki, Cənubi Azərbaycan İranın daxili işidir.
Demək, bu, planlı bir iş olub. Təəssüf ki, biz tarix haqqında mücərrəd danışırıq, lakin kənardan görünən fakt budur. Təbrizdə Milli Hökumətin maarif naziri Biriya bura gəldi, onu həbs etdilər. 20 ilə yaxın həbslərdə oldu. Sonra gəlib Şamaxıda molla oldu. Sonra Bakıda mürdəşirlik elədi. Təbrizə getdi. Təbrizin küçələrində səfil həyat yaşayıb kimsəsizlər evində dünyasını dəyişdi. Film kimi bir həyatı var. Məhəmməd Biriya ən cazibədar bir romanın qəhrəmanı ola bilər. Özü də çox böyük bir şair idi:
Vurma əl türbətimə, türbəti-Adəm də mənəm, Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
Neyləyim, pey aparan olmadı bu varlığıma, Eyşi-işrət də mənəm, möhnəti-matəm də mənəm.
Arama qəbrimi, axtarma mənim baş daşımı, Rəsmdə Həzrəti Nuh, ismdə Xatəm də mənəm.
Ruslar isə həqiqətən təkan verdikləri o hərəkata sahib çıxmadılar, arxa durmadılar və arxadan vurdular. 1946-cı ilin "Ədəbiyyat qəzeti"ini vərəqləyin, Cənubi Azərbaycan şairlərinin İran Azərbaycanı hökumətinə məktubları da burda dərc olunurdu. Elə bil qəzet Təbrizdə hazırlanıb, Bakıda nəşr olunub. Lakin ilin sonuna yaxın qəzetdə Təbrizdən əsər-əlamət görünmür. Bu, həm də Bağırovun faciəsidir. Çox istəyirəm inanam ki, Bağırov aldanıb. Sistem onu aldadıb.
- Hüseyn Cavidin qızı Turan Cavidə ən yaxın insan olmusuz. Ondan öyrəndiyiniz və hamı üçün bəlli olmayan məqamlar varmı?
- Elə həqiqətlər var ki, barəsində susulsa daha münasib olar. Susmasaq, damışsaq işıqlar azalar və qaranlıqlar çoxalar. Səhra böyüyər. Bizə isə hər zaman və bütün hallarda işıq lazımdır. Ümumiyyətlə, o dövrü dərk etmək mümkün deyil. Tutaq ki, Cavidə çox yaxın bildiyimiz adamlar olub. Biz onlıarı Cavidə yaxın bilirik. Tarixdə də elə qalıblar. Amma Cavid Keşlədə ailəsiylə görüşəndə həmin adamlardan birini soruşur. Soruşur ki, filankəs sizə baş çəkirmi? Gəlib-gedirmi? Deyiblər, yox. Cavid də “yaxşı ki, gəlmir, o yarımadamsatandı” deyə köksünü ötürüb. 1937-ci ildə repressiya olunanların, güllələnlərin övladlarının adamlara münasibəti ayrı bir məktəb idi. O münasibətlərə baxıb çox şeyləri ayırd etmək olurdu. Ağır da olsa sizə roman kimi, film kimi bir epizod danışım. Turan Cavid son nəfəsini verəndə yanında idim, əlindən tutmuşdum. Bu vaxt ev telefonuna zəng gəldi. Sağ əlim onun əlindəydi deyə, sol əlimlə telefonun dəstəyini qaldırdım. Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanım idi. “Azərcan, Turan haradadır?” Nə cavab verəcəyimi bilmədim. “Turan xanım yatıb, Bəxtli xanım”. “Exx yazıq Turan... Qoy yatsın, mən sonra zəng edərəm” deyib dəstəyi asdı. Ataları bir yerdə məhv edildiyi kimi, özləri də son nəfəslərinə qədər ruhən bir yerdə oldular. Amma o “yarımadamsatanların” övladları ilə aralarında daxili, səssiz bir savaş gedirdi.
- Kim yox, kimlər var... Məsələn, Cavidin istintaq materiallarında müstəntiq deyir, siz şikayət edirmisiniz ki, erməni artisti Panodyanı xaricə qastollara göndərirlər, amma bizim artistləri deyil. Cavid də cavab verir ki, filankəs yalan danışır, amma niyə yalan danşdığını bilmirəm. Turan xanım atası ilə son görüşlərində onun Əhməd Cavad barədə dediklərini unutmamışdı: “Təkcə Əhməd Cavad kişi çıxdı”. Çoxları bir-birlərinin üzünə durublar, amma Cavad o qədər işgəncələrə rəğmən Cavidin üzünə durmayıb. O dövr çətin idi. Turan xanımla Səməd Vurğunun “Səadət düşməni” şeiri barədə danışanda demişdi bunu: “Qəribədir, görəsən, indikilər o dövrdə yaşasaydılar, nələr edərdilər?” Baxmayaraq ki, Səməd Vurğunun Cavidin əleyhinə yazdığı uzun bir şeiri var. İlk misraları belədir:
"Sən ey böyük günlərin adına böhtan atan Vətəninə, xalqına xain çıxan şarlatan..."
Bu şeiri Səməd Vurğun 1937-ci ildə Hüseyn Cavidə ünvanlayıb. Turan Cavidi tanıyanlar bilir. O, belə məsələlərdə güzəştə getmirdi. Səməd Vurğunun qızı Aybəniz Vəkilova ilə isə Turan xanım çox yaxın rəfiqə idilər. Bir dəfə mən Turan Caviddən bu şeirdən sonra Səməd Vurğunu ilk dəfə görəndə hansı hissləri keçridiyini soruşdum. “O şeirdən sonra Səməd Vurğunla ilk dəfə 1946-cı ildə Ənvər Məmmədxanlının bacısı Həbibənin toyunda görüşdüm. Toy Zərgərpalan küçəsindəki evlərində keçirilirdi. Azərbaycanın çox görkəmli yazıçı-şairləri iştirak edirdi orda. Səməd Vurğun məclisə gəldi. Yanımdan keçib masanın yuxarı tərəfində oturdu. O zaman kimsə məni Səməd Vurğuna göstərib “Hüseyn Cavidin qızıdır” deyə işarə etdi. Səməd Vurğun ayağa qalxdı. Mənə tərəf gəldi. Çox mütəəssir olmuşdu. Məni görəndə tanımadığı üçün üzr istədi və əyilib əlimdən öpdü. Mişkinaz xanıma böyük ehtirаm bəslədiyini həmişə hiss edirdik”. Onda hələ Stalin sağ idi. Repressiya dalğası davam edirdi. Səməd Vurğuna yazdığı hansısa cari bir şeirnə görə deyil, şeirdən ucada dayanan belə davranışlarına görə qiymət vermək lazımdır.
- Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri nə yerdədir?
- Bugünkü durumu bir kəlmə ilə ifadə etmək olar: bərbaddır. İstər Türkiyə tərəfdən, istər biz tərəfdən. Keçən dəfə Türkiyə universitetlərindən birində doktorluq mövzusu olaraq bizlərdə heç tanınmayan, ümumiyyətlə ədəbi prosesdə olmayan, olsa belə ciddi ədəbiyyata heç dəxli olmayan bir müəllif barədə yazılmış bir doktorluq işi rastıma çıxdı. Bu qədər bərbaddır, yəni.
- Kimlər çap, tərcümə olunur? Açığı, mən o siyahılara baxanda çoxunun adına ilk dəfə rast gəlirəm.
- Elmdə də vəziyyət təxminən belədir. Bir də görürsən Azərbaycandan bir alim Orta Asiyanın tanınmaz-bilinməz bir Universitetində fəxri doktor olur və bunu sosial şəbəkələrdə tirajlayırlar. Olmazmı, bir dəfə də eşidək ki, filan alimimiz Sarbon, yaxid Kembric universitetinin fəxri doktoru olub. Bunu çox təkrar etmişəm. Yeri gəldi deyə bir daha təkrarlayım. Fuad Köprülü Sarbon universitetinin fəxri doktoru seçiləndə onu Parisə - Sarbonda mühazirə oxumağa dəvət etmişdilər. Fuad Köprülü mühazirə oxuyanda Sarbon Universitetinin çatısına Türk bayrağı asırlar. Fransanın prezidenti oradan keçəndə görür ki, universitetin çatısında Türkiyə bayrağı dalğalanır və Prezident universitetə gəlir. Rektor Karleyldən “Türklər Fransanı işğalmı edib?” deyə soruşur. “Yox, bu dəqiqələrdə türk alimi Köprülü universitetimizdə mühazirə oxuyur” cavabını alıb.
Sualınıza qayıdaq. Bu gün Türkiyə-Azərbaycan ədəbi əlaqələrini kim müəyyən edir, bilmirəm. Ədəbi əlaqələr dediyim kimi, bərbad vəziyyətdə və özfəaliyyət səviyyəsindədir. Əksinə olsaydı, inanıram ki, Türkiyə Məhəmməd Hadini Mehmet Akifdən ayırmazdı. Amma Türkiyədə Məhəmməd Hadini tanımırlar.
- Nəinki Türkiyədə, heç bizdə də çoxları tanımır.
- Hadi XX yüzil dünya ədəbiyyatının ən böyük şairlərindən biridir. Türkiyə ədəbiyyatında da bir Cənab Şəhabəttin var. Türk poeziyasının Bodleri... Biz də onu tanımırıq. Hər ikisi modernizm estetikasına keçid mərhələsinin şairləridir. Biz Hadini nəinki dünyaya, heç Türkiyəyə yetərincə tanıda bilməmişik. Cənab Şəhabəddini də bizdə tanımırlar, oxumayıblar. Bu, ədəbi həyatımızın ən böyük kəsirlərindəndir. Ədəbi təsəvvürlər bu şairlərə qədər uzanmalıdır...
- "Ədəbiyyat qəzeti"də bəzi müəlliflərə, onların şeirlərinə rast gəlirəm, ədəbi yükü çox az və oxucuya ciddi bir şey verməyəcək mətnlərdir...
- "Ədəbiyyat qəzeti"ində gözəl ədəbyyat, poeziya nümunələri yetərincədir. O ki qaldı dediyiniz həmin bəzi şairlərə, qəzetin 1934-cü ildən bu günə qədər olan əksər saylarında o şairləri görə bilərsiz. Ədəbi estetikalardan xəbərsiz... Poeziyanın harmoniyasını, sükutunu pozan “şairlər”. Amma nə etmək olar. Bəzən çap etməyə məcbur oluruq.
- Niyə?
- “Ədəbiyyat qəzeti” mənim şəxsi qəzetim deyil. Yazıçılar Birliyinin orqanıdır. Onların da əksəriyyəti Yazıçılar Birliyinin üzvüdür. Yaxşı ki, bu günlərdə Yazıçılar Birliyinə qəbul prosesinə fasilə verildi. Yazıçılar Birliyinin yeganə qəzetində çap olunmaq oranın üzvü olan hər kəsin təbii haqqıdır... İradınızda haqlısınız. Amma başqa səbəblər də var. Məsələn, Vətən barədə zəif şeirlərin hamısına eyni gözlə baxmaq olmaz. Bəzən o zəif şeiri bədəninin bir əzasını, yaxud gözlərinin işığını Vətən savaşında itirmiş bir qazi yazır. Şair deyil, heç Yazıçılar Birliyinin də üzvü deyil. Amma qazidir, Vətən sevgisini şeirlə ifadə edib. Onun indiki halı ədəbiyyatdan ucadadır.
Azər Turan "Ədəbiyyat qəzeti" yazıçı mədəniyyət Səməd Vurğun Əhməd Cavad Hüseyn Cavid müsahibə Mircəfər Bağırov






