Vaşinqton və Ər-Riyad Sudanla bağlı sülh planını bu ölkənin Silahlı Qüvvələrinin baş komandanı Əbdül Fəttah əl-Burhana təqdim ediblər.
"Report" xəbər verir ki, bu barədə "Sudan Tribune" məlumat yayıb.
"Səudiyyə Ərəbistan və ABŞ Sudan ordusunun baş komandanına müharibənin dayandırılması, humanitar yardımın çatdırılmasına kömək və hakimiyyətin mülki şəxslərə ötürülməsinə yönəlmiş üç maddəlik plan təqdim ediblər", - qəzetin mənbələri bildirib.
Məlumata görə, təklif münaqişənin ilk həftələrində atəşkəsin əldə edilməsi və mülki əhalinin müdafiəsi haqqında sazişin bağlanması məqsədilə Ciddədə başladılmış Səudiyyə-ABŞ təşəbbüsünə əsaslanır.
Xatırladaq ki, Əl-Burhan bu həftə Ər-Riyadda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlar aparıb, daha sonra isə ABŞ Prezidenti Donald Trampın Afrika üzrə məsləhətçisi Massad Bulos ilə görüşüb.
Nəşrin məlumatlarına görə, ABŞ administrasiyası "xüsusilə Darfur və Kordofanda ağırlaşan humanitar böhranı nəzərə alaraq, hər hansı bir tərəf humanitar atəşkəsi və atəşin dayandırılmasını rədd edərsə, alternativ variantları və təzyiq tədbirlərini nəzərdən keçirə bilər".
Sudanda ölkənin silahlı qüvvələri ilə ÇDQ ("Çevik Dəstək Qüvvələri") arasında münaqişə 2023-cü il aprelin 15-dən davam edir. Döyüş əməliyyatları nəticəsində ən azı 150 min insan həlak olub. 14 milyondan çox insan evlərini tərk edib. Hazırda hərbi qüvvələr Sudanın şimal və şərq hissələrini, o cümlədən düşməndən xilas olunan Xartumu nəzarətdə saxlayır, ÇDQ isə ölkənin cənubunu və Darfur bölgəsini nəzarətdə saxlayır. ÇDQ Darfurdan şərq və cənub istiqamətində hücum edir, Kordofan bölgəsində döyüşlər davam edir.