Baytarlar heyvanları insanlara aid dərmanlarla müalicə etməməyə çağırırlar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, avstraliyalı baytar həkim, Bondi Vet kimi televiziya şoularındakı çıxışları ilə tanınan doktor Liza Çayms ev heyvanı sahibləri üçün vacib tövsiyələrini bölüşüb. O vurğulayıb ki, pişiklərə heç bir halda insanlar üçün nəzərdə tutulmuş dərmanlar verilməməlidir.
Liza Çayms baytarlıq klinikasında çalışdığı müddətdə qarşılaşdığı ən ağır hadisəni xatırladıb. Onun sözlərinə görə, bu hadisə pişiyə parasetamol tableti verildiyi zaman baş verib. Baytar qeyd edib ki, heyvanın sahibi kömək etmək istəyib, lakin nəticədə zərər verib və bu, pişiyin ölümü ilə nəticələnib.
“Bir pişikdə gördüyüm ən ağır təcili tibbi vəziyyətlərdən biri onun dodaqlarının şişməsi və göyərməsi ilə müşayiət olunurdu. Nəfəs almaqda çətinlik çəkirdi, ağzı ilə hava tutmağa çalışırdı. Bu, həqiqətən dəhşətli idi”, - Liza Çayms bildirib. O xüsusilə vurğulayıb ki, parasetamol pişiklər üçün ən zəhərli maddələrdən biridir.
“Əgər pişiyiniz zədələnibsə və ya özünü yaxşı hiss etmirsə, xahiş edirəm ona heç bir insan dərmanı verməyin. Bunun əvəzinə yerli baytara və ya təcili yardım bölməsinə müraciət edin və pişiyinizi müayinəyə aparın”, - o əlavə edib.
Heyvanlar Heyvanlar aləmi Pişiklər Pişiklərə nələr zərərlidir