"Global Media Group" korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüsləri davam etdirir.
"Report"un məlumatına görə, şirkət bu dəfə daha öncədən həyata keçirilən "Geridönüş-Təmiz dünya" təşəbbüsü əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə qoşulub.
Layihə çərçivəsində "Global Media Group"a daxil olan şirkətlərdə istifadə olunmuş birdəfəlik batareyalar və printer kartriçləri könüllü şəkildə toplanaraq müvafiq qaydada təhvil verilib. Bu təşəbbüs tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, təkrar emal proseslərinin təşviqinə və ekoloji məsuliyyətin artırılmasına xidmət edir.
Qeyd edək ki, "Global Media Group" və tərkibinə daxil olan şirkətlər üçün ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə korporativ sosial məsuliyyət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tullantıların düzgün idarə olunması, məsuliyyətli ekoloji davranışın formalaşdırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönəlmiş müxtəlif layihələr ardıcıl şəkildə icra olunur.
"Global Media Group"un Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Laura Seyidbəyova bildirib ki, ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyət şirkətin korporativ dəyərlərinin ayrılmaz hissəsidir və bu istiqamətdə həyata keçirilən təşəbbüslər dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev isə qeyd edib ki, ictimai və korporativ strukturların bu kimi layihələrə qoşulması ekoloji maarifləndirmənin əhatə dairəsinin genişlənməsinə, eləcə də dayanıqlı davranış modellərinin formalaşmasına mühüm töhfə verir.
Eyni zamanda vurğulanıb ki, "Global Media Group" Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə indiyədək bir sıra ekoloji layihələri uğurla həyata keçirib və bu sahədə formalaşmış məhsuldar əməkdaşlığın gələcəkdə də davam etdirilməsi vacibdir.
Xatırladaq ki, Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook" | "Instagram" | "LinkedIn") müraciət edə bilərsiniz.
"Global Media Group" "Geridönüş-Təmiz dünya" ekoloji təşəbbüsünü həyata keçirir
