IMG-LOGO

AQTA sədri: Bakıdakı mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət gücləndirilib

17 Dec 2025 11:09 3 baxış
IMG

Bakı şəhərində təşkil olunan mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət gücləndirilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib.

Onun sözlərinə görə, yarmarkalarda fəaliyyət göstərən Səyyar Qida Laboratoriyaları vasitəsilə vətəndaşların satışa çıxarılan məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerində araşdırılır:

"Zərurət yarandıqda isə məhsullardan laborator analizlər üçün nümunələr götürülür. Bu yanaşma istehlakçıların etimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir".

Q.Təhməzli onu da qeyd edib ki, ixracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur:

"Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun olaraq verilir. Bu sahədə rəqəmsallaşmanın və şəffaflığın artırılması məqsədilə Azərbaycan Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) "E-Fito" (ePhyto) sisteminə qoşulub. Sözügedən sistem fitosanitar sertifikatların elektron formada tərtib olunmasına, mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır".

AQTA sədri fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə Agentliyin "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırladığını vurulayıb:

"Bu sənəd ölkənin ixrac potensialının genişləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitar sahədə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Xəbər lenti