ABŞ və İsrailin hücumunda öldürülən İranın keçmiş lideri Ayətullah Əli Xameneinin Tehranda keçirilən dəfn mərasimində on minlərlə insan iştirak edib. Günlərlə davam edəcək mərasim kədərli anlarla dolu olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, fevralın 28-də ABŞ-İsrail hücumunda həlak olan İranın ali lideri Əli Xameneinin cənazəsinə protokol ziyarətləri dünən həyata keçirilsə də, bu gün Tehranda ictimaiyyətin ziyarətinə açılıb. İran hökuməti Xamenei üçün bir həftəlik dəfn mərasiminə başlayıb və onun cənazəsinin İran və İraqdakı şiələrin müqəddəs şəhərlərində keçirilən mərasimlərdən sonra Məşhəddə dəfn ediləcəyi bildirilib.
Əli Xamenei ilə vida mərasimi Tehranın İmam Xomeyni Musalla məscidində keçirilib. Mərasimdə İranın müxtəlif şəhərlərindən və xarici ölkələrdən minlərlə insan iştirak edib. Yerli vaxtla səhər saat 6:00-da başlayan mərasimin axşam saat 8:00-a qədər davam etməsi gözlənilir.
Xameneinin tabutunun mərasim yerinə gətirilməsi iştirakçılar arasında dərin kədər anlarına səbəb olub. Mərasim zamanı ABŞ və İsrail əleyhinə şüarlar da səsləndirilib.
Ərazi "Ya Hüseyn" deyə qışqıran və matəm içində sinələrinə vuran iranlılarla dolu olub. Bəzi iranlılar Quran oxunduğu mərasimdə ənənəvi geyimlərdə iştirak ediblər. Xamenei üçün dəfn namazı sabah İmam Xomeyni Musalla məscidində qılınacaq.
Xamenei və ailə üzvləri üçün ictimai mərasim sabah davam edəcək. Dəfn mərasimi iyulun 6 və 7-də Tehranın digər yerlərindən keçərək Quma çatacaq. Xameneinin cənazəsi daha sonra nümayiş etdirilmək üçün iyulun 8-də İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq. İraqdan sonra Xameneinin qalıqları İrana qaytarılacaq və iyulun 9-da Məşhəddəki İmam Rza ziyarətgahında dəfn ediləcək.
Əli Xamenei dəfn mərasimi















Mənbə: lent.az