Ermənistan hakimiyyəti son illərdə özünü Qərbə inteqrasiya yolunu seçmiş ölkə kimi təqdim etməyə çalışır. Baş nazir Nikol Paşinyan, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra, Ermənistanın Avropa İttifaqı və ABŞ ilə siyasi və iqtisadi əməkdaşlığı gücləndirəcəyini dəfələrlə bəyan edib. Rəsmi İrəvanın ritorikasında "geosiyasi dönüş", "Rusiya təsirindən çıxmaq" kimi mesajlar getdikcə daha çox yer alır.
Lakin faktlar tamamilə başqa mənzərə göstərir. Rəqəmlər göstərir ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Rusiyadan iqtisadi asılılığı azalmayıb, əksinə, ölkələr arasında ticarət həcmi tarixi maksimuma çatıb. Yəni Ermənistanın siyasi bəyanatları Qərbə yönəlsə də, iqtisadi sisteminin ən dinamik hissəsi məhz Moskva ilə əlaqələr üzərində qurulub.
Bu ziddiyyət iqtisadi göstəricilərlə yanaşı, regional proseslərdə də özünü göstərir. Rusiya-Ukrayna müharibəsi və sanksiyalar fonunda Moskva üçün alternativ tədarük, logistika və maliyyə kanalları həyati əhəmiyyət kəsb etdiyi bir vaxtda Ermənistan qısa müddətdə onun üçün əsas tranzit və re-eksport mərkəzlərindən birinə çevrilib. Bunun fonunda Qərbin Ermənistana qarşı sərt mövqe sərgiləməməsi isə mühüm suallar yaradır.
Rusiyanın əsas ticarət körpüsü
Məlumdur ki, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Qərb ölkələri Moskvaya qarşı sərt və çoxşaxəli sanksiyalar tətbiq etdi. Bu məhdudiyyətlər Avropa iqtisadiyyatında yeni reallıq formalaşdırdı və Rusiyanın Qərb məhsullarına birbaşa çıxış imkanlarını kəskin daraltdı. Belə şəraitdə Rusiya üçün alternativ marşrutlar tapmaq həyati əhəmiyyət daşımağa başladı. Məhz bu boşluğu Ermənistan doldurdu, halbuki İrəvan həmin dövrdə Rusiyanı, İkinci Qarabağ müharibəsini nəzərə alaraq, "özünə xəyanət etməkdə", ittiham edirdi.
Bu proses rəqəmlərdə də açıq görünür. 2019-2023-cü illərdə Ermənistanın Rusiyaya ixracı təxminən 0,8 milyard ABŞ dollarından 3,4 milyard dollara yüksəlib. Yəni bu dövrdə iki ölkə arasında ticarət 4 dəfədən çox artıb. Artım xüsusilə 2022-2023-cü illərdə sanksiyaların sərtləşməsi fonunda re-eksportun genişlənməsi ilə sürətlənib. Analitiklərin fikrincə, Ermənistanın istehsal potensialı bu sıçrayışı təmin etməyə qadir deyil - əsas səbəb Rusiyanın sanksiyalardan yayınmaq üçün Ermənistandan vasitəçi ölkə kimi istifadə etməsidir.
Bununla da məhdudlaşmayıb. 2021-2024-cü illərdə Ermənistan–Rusiya ticarət dövriyyəsi 2,6 milyard ABŞ dollarından 12 milyard dollara qədər yüksəlib. Cəmi üç il ərzində 5 dəfəyə yaxın artım Ermənistanın Qərbə yönəlik siyasi bəyanatlarının əksinə olaraq, Moskva ilə iqtisadi inteqrasiyanı daha da dərinləşdirdiyini açıq şəkildə göstərir.
Ticarət dövriyyəsində kəskin artım
Ümumiyyətlə, Ermənistanın Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı rəqəmlər göstərir ki, son beş ildə ölkənin xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard dollara yüksəlib. Rusiya ilə yanaşı, BƏƏ, Belarus, Çin və Mərkəzi Asiya dövlətləri ilə ticarət də rekord səviyyədə genişlənib. İlk baxışdan, bu dinamika Ermənistanın yeni bazarlara çıxış əldə etdiyini göstərir. Lakin rəqəmlərin struktur təhlili artımın böyük hissəsinin yenə də Rusiya amili ilə bağlı olduğunu üzə çıxarır.
Xüsusilə BƏƏ ilə ticarət dövriyyəsində görünməmiş sıçrayış baş verib. Ermənistan-BƏƏ ticarət dövriyyəsi 580 milyon ABŞ dollarından 2,298 milyard dollara yüksəlib. Yəni artım təxminən dörd dəfəyə yaxındır və bu yüksəliş tam şəkildə Ermənistanın BƏƏ-yə ixracının artması hesabınadır. Ermənistanın real istehsal imkanları nəzərə alındıqda, bu artımın təbii iqtisadi genişlənmə nəticəsi olmadığı aydın görünür.
Mövcud məlumatlar göstərir ki, Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistan vasitəsilə bəzi sənaye məhsullarını və hətta ikili təyinatlı avadanlıqları BƏƏ-yə və Fars Körfəzi ölkələrinə göndərir. Bu tədarüklərin bir hissəsi Ermənistan-İran tranzit marşrutu ilə həyata keçirilir. Nəticədə Ermənistanın xarici ticarət göstəriciləri süni şəkildə şişir və ölkə regionda Rusiyanın sanksiyalardan yayınma mexanizminin əsas həlqələrindən birinə çevrilir.
Ermənistana münasibətdə istisna siyasəti
Bu faktlara baxmayaraq, Qərb ölkələri, xüsusilə Avropa İttifaqı, Ermənistanın Rusiya üçün re-eksport mərkəzinə çevrilməsi ilə bağlı heç bir sanksiya tətbiq etmir. Halbuki eyni məqamlarla bağlı Mərkəzi Asiya və Fars Körfəzi dövlətlərinə qarşı ciddi təzyiqlər göstərilmişdi. Ticarət göstəriciləri Rusiyanın Ermənistandan intensiv şəkildə istifadə etdiyini göstərsə də, Qərbin buna reaksiyası demək olar ki, yoxdur.
Ekspertlərin fikrincə, Qərbin yumşaq yanaşmasının əsas səbəblərindən biri Ermənistan hakimiyyətinin özünü "demokratik tərəfdaş" kimi təqdim etməsi və anti-Rusiya ritorikasını prioritetləşdirməsidir. Lakin ölkə daxilində baş verənlər bu iddialarla ziddiyyət təşkil edir. Son illərdə Ermənistanda kütləvi həbslər, müxalif fəalların, ictimai təşkilat nümayəndələrinin, hətta keşişlərin müxtəlif ittihamlarla saxlanılması siyasi mühitin nə qədər sərtləşdiyini göstərir. Bu addımlar içəridə "Rusiya təhlükəsi" ilə əsaslandırılsa da, əslində ölkədə ciddi siyasi sıxışdırma atmosferi mövcuddur.
Buna baxmayaraq, aparıcı beynəlxalq hüquq müdafiə təşkilatları - "Human Rights Watch", "Amnesty International" və digər qurumlar, bu proseslər barədə nə kəskin bəyanat verir, nə də illik hesabatlarda geniş yer ayırır. Bu isə Ermənistan məsələsində siyasi yanaşmanın hüquqi və demokratik prinsiplərdən üstün tutulduğunu göstərir.
Bir sözlə, rəqəmlər və faktlar təsdiqləyir ki, Ermənistanın Qərbə inteqrasiya iddiaları daha çox siyasi piar xarakteri daşıyır. Paşinyan hakimiyyəti dövründə ölkənin Rusiyadan iqtisadi asılılığı azalmayıb, əksinə, daha da artıb. Re-eksport mexanizmləri genişlənib, Ermənistanın ticarət dövriyyəsindəki kəskin artım isə reallıqda Rusiyanın sanksiyalardan yayınma kanallarından biri rolunu oynamağından qaynaqlanır. Bütün bunlara rəğmən, Qərb Ermənistanı siyasi cəhətdən dəstəkləməyə davam edir və ölkənin bu rolunu görməzlikdən gəlir.





