Bolqarıstan hökumətinin istefası üzrə rəsmi səsvermə parlamentin növbəti plenar iclasında keçiriləcək.
"Report"un Avropa bürosu Bolqarıstan KİV-ə istinadən xəbər verir ki, parlamentin rəsmi saytında 11 və 12 noyabr tarixli plenar iclasın gündəliyi dərc olunub. Gündəlikdə hökumətin istefası ilə bağlı səsvermə məsələsi yer almasa da, bu, mövzunun müzakirəsi istisna edilmir.
Xatırladaq ki, Baş nazir Rosen Jelyazkov bir neçə həftə davam edən hökumət əleyhinə kütləvi etirazlardan sonra bu gün Nazirlər Kabinetinin istefasını təqdim edib.
Növbəti addım Prezident Rumen Radevin parlament partiyalarını yeni hökumət formalaşdırmağa dəvət etməsi olacaq. Əgər razılıq əldə olunmasa, prezident yeni parlament seçkilərinə qədər müvəqqəti hökumət təyin edəcək.
Noyabrda başlayan kütləvi etirazlara büdcə layihəsi səbəb olub. Layihədə özəl sektor üçün vergilərin artırılması və daha çox vəsaitin dövlət sektoruna yönəldilməsi nəzərdə tutulurdu. Bununla yanaşı, Bolqarıstan KİV-in qeyd etdiyi kimi, əhali ümumilikdə hökumətin siyasətindən narazı idi və şəffaflıqla hesabatlılıq tələb edirdi.
Hökumət böhranı Bolqarıstanın 2026-cı il 1 yanvar tarixindən avroya keçidi fonunda baş verib. Digər ölkələrin təcrübəsinə əsasən, əhalinin bir hissəsi bu prosesin adətən inflyasiyanın artması ilə müşayiət olunacağından narahatdır.
16:39
Bolqarıstan Baş naziri Rosen Jelyazkov hökumətin istefa verdiyini elan edib.
"Report"un xəbərinə görə, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Hökumətin istefası haqqında həm gənclər, həm də yaşlılar danışırdılar. Bu vətəndaş qətiyyəti dəstəklənməlidir. Bildirirəm ki, hökumətə etimadsızlıq səsverməsindən əvvəl hökumət istefa verir", - o qeyd edib.