Rəqəmsal tibb və süni intellekt xroniki qan xərçənginin müalicəsində həkimlərə kömək edə bilər.
"Report" xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki mieloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" mövzusundakı araşdırmasını "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda nümayiş etdirərkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda illər ərzində yaradılmış milli xroniki mieloid leykoz (XML) məlumat bazası perspektivdə yerli rəqəmsal və proqnostik modellərin hazırlanması üçün əhəmiyyətli elmi resurs rolunu oynaya bilər:
"Bu günədək həmin sahədə çoxsaylı dərman preparatları kəşf olunub, hədəfyönümlü terapiya tətbiq edilir və molekulyar səviyyədə analizlər həyata keçirilir. Bütün bu dataların sistemli şəkildə təsnifatlaşdırılması və analitik dəyərləndirilməsi ənənəvi metodlarla müəyyənləşdirilməsi mürəkkəb olan qanunauyğunluqları üzə çıxarmağa şərait yaradır. Bu gün xroniki mieloid leykozla əlaqədar məlumatları müxtəlif mənbələrdən toplayırıq və həmin mənbələri ayrı-ayrılıqda təhlil edirik. İnsan amili, həkimin xətaya yol vermə ehtimalı mövcud olduğundan bu məlumatları vaxtında analiz edib nəticəyə gəlmək çətinlik törədə bilər. Məhz buna görə rəqəmsal tibb bizə köməyə gəlir".
A.Şirinova deyib ki, rəqəmsal tibbin və süni intellektin başlıca üstünlüklərindən biri həmin məlumatları vahid analitik platformada cəmləşdirmək imkanıdır:
"Bu cür sistem vasitəsilə gələcəkdə xəstənin müalicəyə suboptimal cavab vermə ehtimalını daha erkən mərhələdə qiymətləndirmək, xəstəliyin proqressiyaya keçmə riskini təyin etmək, müalicə seçimini optimallaşdırmaq və fərdi monitorinq strategiyası formalaşdırmaq mümkün olacaq".
Mütəxəssis bildirib ki, bu prosesdə məlumatların keyfiyyətinin təmin edilməsinə, alqoritmlərin klinik validasiyasına, etik normalara və pasiyent məlumatlarının konfidensiallığına xüsusi önəm verilməlidir:
"Bizim hədəfimiz süni intellektin həkimi əvəzləməsi deyil, onun ən etibarlı köməkçisinə çevrilməsidir. Süni intellekt dataları mərkəzləşdirərək həkimə dəstək olacaq, lakin yekun qərarı şübhəsiz ki, xəstəni tanıyan, onu müalicə edən mütəxəssis verəcək. Azərbaycanda uzun illər boyunca formalaşdırılmış milli XML məlumat bazası gələcəkdə bu istiqamətdə yerli rəqəmsal və proqnostik modellərin işlənib hazırlanması üçün mühüm elmi resurs ola bilər".
Mənbə: report.az