IMG-LOGO

Azərbaycanda xroniki qan xərçəngi qadınlar arasında daha çox qeydə alınıb

26 Nov 2026 10:40 8 baxış
IMG

Azərbaycanda xroniki qan xərçəngi (xroniki mieloid leykoz (XML)qadınlar arasında 54 %, kişilərdə isə 46 % təşkil edib.

"Report" xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin böyük elmi işçisi Aytən Şirinova Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədovun "Azərbaycanda xroniki mieloid leykoz: diaqnostikada, müalicədə və elmi tədqiqatlarda nailiyyətlər" adlı tədqiqatını "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfransda təqdim edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda xroniki mieloid leykozun epidemioloji və klinik portretini qiymətləndirmək məqsədilə 2008–2023-cü illəri əhatə edən 16 illik milli kohort üzrə geniş epidemioloji tədqiqat aparılıb:

"Tədqiqatın nəticələrinə görə, Azərbaycan kohortunun özünəməxsus xüsusiyyətlərindən biri xəstələrin cins üzrə paylanması ilə bağlı olub. Beynəlxalq epidemioloji məlumatlarda XML-in kişilər arasında daha çox müşahidə olunduğu göstərilsə də, Azərbaycan kohortunda qadınlar 54 %, kişilər isə 46 % təşkil edib. Xəstələrin yaş üzrə paylanmasında ən yüksək göstərici 50–59 yaş qrupunda müşahidə edilib. Xəstələrin 72 %-i isə 30–69 yaş intervalına aid olub".

Mütəxəssis qeyd edib ki, bu göstəricilər xəstəliyin yalnız tibbi deyil, sosial və iqtisadi əhəmiyyətini də ortaya qoyur:

"Çünki xəstələrimin böyük bir hissəsi əmək qabiliyyətli, ailə və cəmiyyət qarşısında aktiv sosial funksiyaları olan insanlardır. 2008–2023-cü illər ərzində Azərbaycanda XML-in qeydə alınmış insidensi hər 100 min nəfərə 0,31-dən 0,86-ya yüksəlib. Eyni dövrdə prevalens 99 xəstədən 1 219 xəstəyə qədər artıb. Bu, təxminən 12 dəfə artım deməkdir. Bəs bu rəqəmlər xəstəliyin daha geniş yayılmağa başladığını göstərirmi? Mütləq şəkildə yox. İnsidensin artmasında diaqnostik imkanların genişlənməsi, xəstələrin ixtisaslaşdırılmış mərkəzlərə daha çox müraciət etməsi və qeydiyyat sisteminin təkmilləşdirilməsi mühüm rol oynaya bilər. Prevalensin artması isə başqa bir mühüm prosesi əks etdirir: xəstələr daha uzun yaşayırlar".

Aytən Şirinova tədqiqata istinadən deyib ki, xəstələrin coğrafi paylanması araşdırılarkən əsas xəstə yükünün Abşeron–Bakı–Sumqayıt istiqamətində cəmləşdiyi müşahidə edilib.

Mənbə: report.az

Xəbər lenti