Fransa Rusiya ilə münaqişə baş verəcəyi təqdirdə Almaniyadan uzaqmənzilli raketlərin tətbiqi qaydasını dəqiq müəyyənləşdirməyi tələb edərək təzyiq göstərir.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Bundan başqa, Fransa xəbərdarlıq edir ki, hərbi siqnalların yanlış şərhi nüvə eskalasiyasına səbəb ola bilər.
Məlumata görə, Paris Almaniya rəsmiləri ilə danışıqlar apararaq, Berlinin dərin yüksək dəqiqlikli zərbələrin endirilməsi üçün silahların tətbiqini Fransanın nüvə strategiyası ilə uzlaşdırmasına nail olmağa çalışır.
Fransa rəsmilərindən biri xəbərdarlıq edib ki, Rusiya hədəfinə adi silahla endirilən zərbə Moskvanın nüvə silahı ilə cavabına səbəb ola biləar.
Almaniyanın Böyük Britaniya, Polşa, Şimali Avropa və Baltikyanı ölkələrlə birlikdə Avropanın Rusiyaya qarşı çəkindirmə potensialını gücləndirmək məqsədilə uzunmənzilli silah arsenalını əhəmiyyətli dərəcədə artırması Parisin narahatlığına səbəb olur.
Berlin uçuş məsafəsi 500-2 000 km-dən çox olan bir sıra raketlər alır və hazırlayır. Bu raketlər Almaniya silahlı qüvvələrinə Rusiya ərazisinin dərinliyindəki hədəfləri vurmağa imkan verəcək.
Fransada ehtiyat edirlər ki, Bundesverin potensial olaraq Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün istifadə edilə bilən raketlər hazırlamaq cəhdi Moskvada anlaşılmazlığa səbəb ola bilər.
Eyni zamanda, nəşr qeyd edir ki, Berlin ümumi Avropa doktrinasının işlənib hazırlanması və eskalasiya mərhələləri ilə bağlı vahid anlayışın zəruriliyi ilə tamamilə razıdır. Həmçinin qeyd olunur ki, məhz Almaniya üç il əvvəl Rusiyanın adi çəkindirmə vasitələrinin gücləndirilməsi ilə bağlı müzakirələrə təşəbbüs göstərib.
Mənbə: report.az