ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Əbu-Dabidə qarşıdan gələn üçtərəfli danışıqlarda irəliləyiş əldə etməyə ümid edir.
"Report"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşəcəyi Parisə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib.
"Ola bilsin, sabah Cared Kuşner və Stiv Uitkoff ora gələndə Əbu-Dabidə müəyyən irəliləyiş əldə edə bilərik. Məncə, onlar artıq təyyarə ilə ora gedirlər", - o deyib.
Rubio həmçinin təhlükəsizlik zəmanətləri məsələsini Rusiya-Ukrayna münaqişəsinin həllinin əsas aspekti kimi müəyyən edib.
"Rusiya və Ukrayna ilə bağlı söhbətlərimiz zamanı daim bir sual ortaya çıxır: təhlükəsizlik zəmanətlərinə ehtiyac, Ukrayna və daha geniş şəkildə Avropa qitəsi üçün müharibədən sonrakı təhlükəsizlik infrastrukturunun necə olacağı. Bu, hər söhbətdə qaldırılan əsas mövzulardan biridir", - dövlət katibi vurğulayıb.
"Təhlükəsizlik zəmanəti strukturunun necə görünə biləcəyini müəyyənləşdirməkdə müəyyən irəliləyişlər əldə edilib", - o qeyd edib.
Eyni zamanda, Rubio vurğulayıb ki, bu cür razılaşmaların həyata keçirilməsi yalnız münaqişə həll edildikdən sonra mümkündür. "Aydındır ki, bunu etmək üçün əvvəlcə münaqişəni həll etməliyik. Bu mövzuda müzakirələr aparılıb", - dövlət katibi əlavə edib.
O, həmçinin Ukrayna və İran ətrafındakı vəziyyətin Parisdə keçiriləcək G7 Xarici İşlər Nazirlərinin görüşünün gündəliyində olacağını açıqlayıb.
Mənbə: report.az