Özbəkistan Mərkəzi Asiya ölkələrinə praktiki dəstək göstərmək üçün öz ərazisində BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin regional ofisini açmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Astanada Akaba prosesi çərçivəsində Mərkəzi Asiya dövlət başçılarının süni intellekt sahəsində təhlükəsizlik məsələlərinə dair görüşündə bildirib.
Onun sözlərinə görə, ofis region ölkələrinə terror xarakterli kontent barədə xəbərdarlıq kanallarının yaradılması və fəaliyyəti, terrorizmin maliyyələşdirilməsi hallarının aşkarlanması, mütəxəssislərin ixtisasının artırılması və bu məqsədlərlə süni intellektdən səmərəli istifadə edilməsində dəstək göstərəcək.
Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik, terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri, eləcə də rəqəmsal texnologiyaların inkişafı ilə bağlı yeni çağırışlar və təhdidlər müzakirə edilib. Dövlətlər arasında praktiki qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, təcrübə mübadiləsinə və ilk növbədə gənclər arasında radikallaşmanın qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Mənbə: report.az