Effektiv məşğulluğun təmin edilməsi əsas hədəflərdən biridir.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Əmək və sosial siyasət komitəsi ilə ortaq iclasda "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi çərçivəsində səsləndirib.
Onun sözlərinə görə, vaxtilə 49 faizə çatan işsizlik göstəricisini 5 faiz səviyyəsinə qədər azaltmaq mümkün olub:
"Yeni dövrdə yoxsulluq səviyyəsinin qorunması və daha aşağı göstəricilərə nail olunması başlıca vəzifələrdəndir. Ölkəmizdə işsizliyin azaldılması sahəsində olduqca ciddi nailiyyətlər əldə edilib. Yeni dövrdə də bu nəticələrin qorunub saxlanması, eyni zamanda effektiv məşğulluğun təmin olunması prioritet hədəflər sırasındadır. Son illər ərzində əhalinin yaşayış standartlarının yüksəldilməsi istiqamətində müsbət meyllər müşahidə olunur və 2027-ci ildə də vətəndaşlarımızın rifahının artırılması məqsədilə dövlət büdcəsində sosial paket nəzərdə tutulub. Bu, tamamilə yeni mərhələdir. Yəni qələbə çalmış, zəfər qazanmış ölkə kimi artıq keyfiyyətli rifahı da hədəf olaraq qarşımıza qoyuruq".
Komitə sədri bildirib ki, sadəcə məşğulluq deyil, məhz effektiv məşğulluq əsas hədəflərdən biri olaraq müəyyənləşdirilib:
"Qarşıda duran əsas vəzifələrdən, hədəflərdən biri də sosial xarakterli fondlarımızın maliyyə sabitliyidir. Çünki sabit gəlirlərin təmin edilməsi, iqtisadi yüksəliş, iqtisadi aktivlik, həyata keçirilən ödənişlər nəticəsində istər Dövlət Sosial Müdafiə Fondunun, istərsə də İşsizlikdən Sığorta Fondunun dayanıqlılığı təmin oluna bilər. Hesab edirik ki, 2027-ci il dövlət büdcəsinin icrası bir tərəfdən iqtisadi inkişafımızı təmin edəcək, digər tərəfdən isə vətəndaşlarımızın rifahı və sosial müdafiəsi üçün ciddi maliyyə-iqtisadi bazası formalaşdıracaq".
Mənbə: report.az