Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2027-ci ildə gözlənilən 268,9 milyon manat məbləğində gəlirlərinin 267,2 milyon manatı və yaxud 99,4 %-i işsizlikdən sığorta haqlarının hesabına formalaşacaq.
"Report" xəbər verir ki, bu, "İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, sığorta haqlarının 29,8 milyon manatı büdcədən maliyyələşən təşkilatlar üzrə, yenə də 29,8 milyon manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə, 207,6 milyon manatı isə qeyri-büdcə sektoru üzrə formalaşacaq.
Fondun sair gəlirləri isə 1,7 milyon manat təşkil edəcək.
Gələn il İSF-nin cari ilin sonuna istifadə olunmamış 50,3 milyon manat qalığından istifadə olunmaqla xərcləri isə 319,2 milyon manat təşkil etməlidir. Bunun 113 milyon manatı özünüməşğulluq tədbirlərinin təşkili xərcləri, 75 milyon manatı Fondun aparatının, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların saxlanılması xərcləri, 50 milyon manatı əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, 36 milyon manatı işsizliyə görə sığorta ödənişi, 27,3 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkili xərcləri, 7 milyon manatı isə sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, 3,8 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkili xərcləri, 2 milyon manatı sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri, 1,6 milyon manatı peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi xərcləri, 1 milyon manatı peşə standartlarının hazırlanması xərcləri, 1 milyon manatı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması xərcləri, 1 milyon manatı qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri xərcləri, 0,5 milyon manatı isə əmək yarmarkalarının və əmək birjalarının təşkili xərcləridir.
Mənbə: report.az