Əmək pensiyaları üzrə xərclərin artımı pensiyaçıların sayından deyil, indeksləşmədən qaynaqlanır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son illərdə əmək pensiyalarının ödənilməsi ilə bağlı xərclərin artımı pensiyaçıların sayının demək olar ki, sabit qalması fonunda baş verir: "Bu xərclərin artımı əsasən pensiyaların indeksləşdirilməsi və dövlətin sosial müdafiənin gücləndirilməsi istiqamətində atdığı digər addımlarla bağlıdır. Əhaliyə ödənişlərin tərkibində ikinci istiqaməti müavinətlər təşkil edir".
O qeyd edib ki, qanun layihəsində müavinətlər üzrə proqnoz göstəriciləri pensiyalarla müqayisədə daha detallı təqdim edilmiş, izahatda da geniş əsaslandırılıb: "Düşünürük ki, bu xərc istiqaməti üzrə proqnozlaşdırma artıq proqnoz və icra arasında fərqlərin minimuma endirilməsinə yönəldilib və əsasən makroiqtisadi parametrlərə uyğunlaşdırılıb. Fondun digər xərc istiqaməti olan saxlanma xərcləri qüvvədə olan normalara uyğun olaraq 2,5 % həddində proqnozlaşdırılıb. Bu xərclərin növbəti illərdə investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına da maliyyələşdirilməsi imkanına baxılması ilə bağlı təklif irəli sürmüşük. Layihədə inzibati xərclər kimi nəzərdə tutulan Fondun fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı xərclər isə bir neçə ildir sabit məbləğdə proqnozlaşdırılır".
Mənbə: report.az