Asiya İnkişaf Bankı (ADB) regional əməkdaşlıq və inteqrasiyanın inkişafına dair yenilənmiş yanaşmanı təqdim edib və bu çərçivədə transsərhəd təşəbbüslərin dəstəklənməsinə yönəlmiş əməliyyatların payını 2030-cu ilə qədər 30 %-ə çatdırmağı hədəfləyir.
Bu barədə "Report" ADB-yə istinadən xəbər verir.
"Güclənən ticarət maneələri və geosiyasi gərginlik iqtisadiyyatlarımızın fəaliyyətini təmin edən əlaqələrə təzyiq göstərir. Məhz indi, işlərin daha da çətinləşdiyi bir vaxtda, əməkdaşlıq sahəsində səylərimizi ikiqat artırmalıyıq", - ADB-nin prezidenti Masato Kanda Manilada Regional əməkdaşlıq və inteqrasiya üzrə Konfransın açılışında bildirib.
Mart ayında təsdiqlənmiş yenilənmiş əməliyyat yanaşması ticarət və investisiya axınlarının genişləndirilməsi vasitəsilə məhsuldarlığın artırılmasına, həmçinin ümumi iqtisadi və ekoloji təhdidlərə qarşı dayanıqlılığın yüksəldilməsinə yönəldilib.
ADB transsərhəd enerji şəbəkələrinin formalaşdırılmasını, nəqliyyat və rəqəmsal infrastrukturun təkmilləşdirilməsini, ticarət prosedurlarının sadələşdirilməsini, həmçinin təbii sərvətlərin kollektiv mühafizəsini və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına hazırlığı fəaliyyətinin prioritet istiqamətlərinə aid edib.
Xəbər yenilənir
Mənbə: report.az