IMG-LOGO

Pakistan Azərbaycanla iqtisadiyyat, texnologiyalar və müdafiə sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Nov 2026 09:52 3 baxış
IMG

Pakistan Azərbaycanla ticarət, investisiyalar, informasiya texnologiyaları, müdafiə və digər əsas sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Report" "UrduPoint" portalına istinadən xəbər verir ki, bunu Pakistanın federal informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatima Xavaca Azərbaycanın İslamabaddakı səfirliyi tərəfindən Zəfər Gününün altıncı ildönümü münasibətilə təşkil olunmuş tədbirdə bildirib.

Nazir yüksək səviyyəli siyasi qarşılıqlı anlaşmanı daha fəal iqtisadi əməkdaşlığa çevirməyin zəruriliyini vurğulayıb. O, rəqəmsal transformasiya, innovasiyalar və texnoloji inkişaf sahəsində birgə təşəbbüslərin potensialını xüsusi qeyd edib.

Ş.Xavacanın sözlərinə görə, iki ölkənin müdafiə sahəsində əməkdaşlığı gündən-günə genişlənir, ikitərəfli əlaqələrin inkişafı isə tərəfdaşlığın möhkəmliyini və regional sabitliyə ümumi sadiqliyi əks etdirir.

O qeyd edib ki, Pakistan və Azərbaycan münasibətləri qarşılıqlı etimad, hörmət və həmrəyliyə əsaslanır. O, beynəlxalq platformalarda Bakı tərəfindən göstərilən dəstəyi, xüsusilə də Kəşmir məsələsi üzrə dəstəyi yüksək qiymətləndirib. Nazir Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyib.

Həmçinin Ş.Xavaca Pakistan hökuməti və xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevi və ölkə xalqını Zəfər Günü münasibətilə təbrik edib.

Mənbə: report.az

Xəbər lenti