IMG-LOGO

Araşdırma: Özbəkistanda "Telegram" əsas xəbər mənbəyidir, televiziya isə etimad baxımından liderdir

02 Nov 2026 15:31 3 baxış
IMG

"Telegram" kanallar Özbəkistanda ən populyar xəbər mənbələri kimi göstərilib, televiziya isə ictimai etimad səviyyəsinə görə lider mövqelərini qoruyub saxlayır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu media istehlakı üzrə milli araşdırmanın nəticələri göstərib.

Tədqiqat Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinə Dəstək və İnkişaf Fondu, Avropa İttifaqının ölkədəki Nümayəndəliyi, Özbəkistan Prezidenti Administrasiyası yanında KİV üçün Kontent İstehsalı Mərkəzi və "İjtimoiy fikr" Respublika İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən birgə aparılıb.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 51,6 %-i xəbər almaq üçün "Telegram" kanallardan, 44,6 %-i televiziyadan, 41,6 %-i isə sosial şəbəkələrdən istifadə edir.

Bununla belə, televiziya ən çox etimad doğuran informasiya mənbəyi olaraq qalır: sorğuda iştirak edənlərin 44,3 %-i ona, 11,3 %-i "Telegram" kanallara, 7,4 %-i isə xəbər saytlarına etibar edir.

Sorğu sentyabrın 8-dən 19-dək yaşayış yeri üzrə şəxsi müsahibə metodu ilə keçirilib. Orada Özbəkistanın bütün 14 regionundan yaşı 18-dən yuxarı 1 411 nəfər iştirak edib.

Tədqiqat həmçinin media istehlakında yaş fərqlərini də məyyən edib: 18-24 yaşlı gənclər informasiyanı əsasən "Telegram" və sosial şəbəkələr vasitəsilə alır, 55 yaşdan yuxarı respondentlər arasında isə televiziyanın populyarlığı qorunub saxlanılır.

İştirakçıların 46,6 %-i müasir media sferasının ən aktual problemi kimi saxta xəbərlərin yayılmasını göstərib.

Bundan əlavə, respondentlər daha dərin analitik jurnalistikaya və müxtəlif nöqteyi-nəzərlərin obyektiv işıqlandırılmasına ehtiyac duyduqlarını ifadə ediblər.

Layihənin ikinci mərhələsi Özbəkistanın altı regionunda jurnalistlər, mətbuat xidməti əməkdaşları və blogerlər üçün təlimlərin keçirilməsini nəzərdə tutur.

Mənbə: report.az

Xəbər lenti