2027-ci ildən etibarən Özbəkistan vətəndaşlarını xaricə işləməyə yalnız özəl məşğulluq agentlikləri göndərəcək.
"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev əmək miqrasiyasına dair müşavirədə bildirib.
O xatırladıb ki, özəl məşğulluq agentliklərinə lisenziyaların verilməsi qaydası sadələşdirildikdən sonra iki il ərzində onların sayı 3 dəfə, onların vasitəsilə xaricdə işlə təmin olunanların sayı isə 5 dəfə artıb.
Vətəndaşın konkret işlə təmin olunması, onun hüquqlarının təmin edilməsi, yüksək gəlir və zəmanətli sosial təminat əsas meyarlar olacaq. Xaricdə yüksək maaşlı işlə təmin edilən hər bir şəxsə görə agentliyə 1,5 milyon som (1,2 min dollar) ödəniləcək.
Mirziyoyev bir ay ərzində agentliklərin fəaliyyətini yeni səviyyəyə çıxarmağa yönəlmiş qərar layihəsinin təqdim edilməsini tapşırıb.
Prezident, həmçinin beynəlxalq əmək bazarında iri rekrutinq şirkətlərinin işəgötürənlərlə ixtisaslı mütəxəssislər arasında mühüm əlaqələndirici halqaya çevrildiyinə diqqət çəkib. Onun fikrincə, belə şirkətlərin Özbəkistanda mütəxəssisləri özlərinin hazırlaması və birbaşa işlə təmin etməsi üçün şərait yaratmaq lazımdır.
Mirziyoyevin bildirdiyinə görə, bu il 34 ölkədə 287 min adamı işlə təmin etmək imkanı var, lakin insanlar bu imkanlar barədə kifayət qədər məlumatlı deyillər.
Prezident müşavirədə Özbəkistana qayıdan şəxslərin işlə təmin olunmasının vacibliyini qeyd edib. Xüsusən də, 2026-cı ilin əvvəlindən bəri Özbəkistana 1,1 milyondan çox insan qayıdıb.
Mənbə: report.az