IMG-LOGO

Uşağınıza “yox” deməyi öyrədin - Vacib tövsiyələr

02 Nov 2026 14:34 4 baxış
IMG
3 0

Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən “yox” deməyi bacarması onun emosional inkişafı üçün olduqca vacibdir.

Mütəxəssislərin fikrincə, uşaqların imtina etməkdən çəkinməsi çox vaxt erkən yaşlarda formalaşan davranışlarla əlaqədardır.

Məsələn, yeddi yaşlı qız sinif yoldaşı sevimli oyuncağını istədikdə ona etiraz edə bilmir. Oyuncağı vermək istəməsə də, qarşı tərəfin israrından sonra razılaşır. Bir müddət sonra isə evdə ağlamağa başlayır. Halbuki heç kim onun oyuncağını zorla əlindən almayıb. Eyni vəziyyətdə başqa bir uşaq sakit şəkildə “yox” deyərək oyununa davam edə bilər. Psixoloqlar bu fərqi uşaqların imtina etməyə münasibətinin necə formalaşması ilə əlaqələndirirlər.

Uşaqlar niyə “yox” deməkdən qorxurlar? 

Mütəxəssislərin sözlərinə görə, uşağın imtina edərkən günahkarlıq hiss etməsi çox vaxt böyüklərin reaksiyaları nəticəsində formalaşır. Əgər uşaq kiçik yaşlarından “yox” dediyinə görə danlanır, cəzalandırılır və ya valideynlərinin narazılığı ilə qarşılaşırsa, zamanla imtinanı mənfi nəticələrlə əlaqələndirə bilər.

Belə uşaqlar böyüdükcə yalnız valideynlərinə deyil, dostlarına və sinif yoldaşlarına da etiraz etməkdə çətinlik çəkə bilərlər. Psixoloqlar bildirirlər ki, uşağa öz sərhədlərini qorumağın normal davranış olduğunu izah etmək lazımdır. O bilməlidir ki, hər istəyə razılıq vermək məcburiyyətində deyil.

Uşağa “yox” deməyi necə öyrətmək olar?

Mütəxəssislər valideynlərə bu bacarığı ev şəraitində məşq etdirməyi tövsiyə edirlər. Məsələn, valideyn uşağa müxtəlif vəziyyətlər təqdim edə bilər: “Dostun sənin oyuncağını istəyir, amma sən vermək istəmirsən. Nə deyərdin"?

Uşağa “İndi istəmirəm”, “Bu mənə uyğun deyil”, “Oyuncağımı vermək istəmirəm” kimi sadə ifadələr öyrətmək olar. Bu cür məşqlər uşağın real vəziyyətlərdə daha rahat davranmasına kömək edir. Çünki o, əvvəlcədən necə cavab verəcəyini bilir və təzyiq altında özünü izah etmək məcburiyyətində qalmır.

Psixoloqların fikrincə, bu məşqlərin mütəmadi təkrarlanması uşağın imtina ilə bağlı narahatlığını azalda bilər.

Valideynlərin ən çox etdiyi səhv

Mütəxəssislər bildirirlər ki, bəzi valideynlər uşaqlarına dostlarına “yox” deməyi öyrətsələr də, evdə onların etirazını qəbul etmirlər. Məsələn, uşaq valideyninin istəyini yerinə yetirmək istəmədikdə dərhal danlanırsa, bu, onda ziddiyyətli təsəvvür yarada bilər.

Uşaq başa düşmür ki, nə üçün dostuna etiraz etmək normaldır, amma böyüklərə qarşı eyni davranış qadağandır. Buna görə də valideynlər uşaqlarının fikirlərini dinləməli, onların istəklərini və şəxsi sərhədlərini nəzərə almalıdırlar. Bununla yanaşı, təhlükəsizlik və digər zəruri qaydaların qorunması da vacibdir.

Bəs uşaq hər şeyə “yox” deməyə başlasa?

Valideynləri narahat edən məsələlərdən biri də uşağın imtina etməyi öyrəndikdən sonra kobud davranması ehtimalıdır. Psixoloqlar bildirirlər ki, uşağa imtina ilə kobudluq arasındakı fərq izah edilməlidir.

Məsələn, “Sənə verməyəcəyəm, çıx get!" deməklə “Bağışla, amma indi vermək istəmirəm” demək eyni deyil. Uşaq başa düşməlidir ki, öz fikrini bildirmək və şəxsi sərhədlərini qorumaq başqalarına qarşı hörmətsizlik etmək demək deyil.

Hansı yaşdan başlamaq lazımdır?

Mütəxəssislərin fikrincə, uşaqlara imtina etməyi üç-dörd yaşlarından sadə oyunlar vasitəsilə öyrətmək mümkündür. Bu yaşda müxtəlif rollu oyunlar qurmaq və uşağa seçim etmək imkanı vermək faydalıdır. Altı-yeddi yaşlarından etibarən isə dostların təsiri, şəxsi sərhədlər və başqalarının təzyiqinə qarşı davranış haqqında daha ətraflı söhbətlər aparmaq olar.

Psixoloqlar vurğulayırlar ki, uşağın “yox” deməyi öyrənməsi üçün yalnız bir dəfə söhbət etmək kifayət deyil. Bu bacarıq gündəlik münasibətlərdə, valideynlərin anlayışlı reaksiyası və müntəzəm məşqlər nəticəsində inkişaf edir. Ən vacibi isə uşağın bilməsidir ki, kiminsə istəyini rədd etmək onu pis dost və ya pis insan etmir. Öz sərhədlərini qorumaq sağlam münasibətlərin vacib hissəsidir.

Uşaq uşaq psixologiyası valideynlərə tövsiyələr

Mənbə: lent.az

Xəbər lenti