Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilanbaş balıqları uzunsov bədən quruluşuna malikdir və xarici görünüşünə görə ilanbalığına və ya durnabalığına bənzəyir. Onlar şirin sularda yaşayan yırtıcı balıqlardır və müxtəlif su canlıları ilə qidalanırlar.
İri ilanbaş balıqları, xüsusilə çəkisi 3 kiloqrama çatan zolaqlı növlər qurbağaları, tritonları, suda yaşayan gəmiriciləri və hətta suya girən ilanları da ovlaya bilir. Bu balıqların baş hissəsi iri, möhkəm və iti dişlərlə təchiz olunub.
Başlarının ilan başına bənzəməsi onların belə adlandırılmasına səbəb olub. İlanbaş balıqlarının bir çox növü Cənubi Asiyanın, Yeni Qvineyanın, Afrikanın və Madaqaskarın dayaz şirin su hövzələrində yaşayır.
Bu balıqlar necə quruda hərəkət edir?
İlanbaş balıqlarının ən maraqlı xüsusiyyətlərindən biri onların atmosfer havası ilə nəfəs almaq qabiliyyətidir. Bu balıqların qəlsəmələrinin üzərində xüsusi tənəffüs orqanları yerləşir. Həmin orqanlar onlara sudan kənarda da müəyyən müddət nəfəs almağa imkan verir.
Bu xüsusiyyət sayəsində ilanbaş balıqları yaşadıqları su hövzəsi quruduqda bir müddət sağ qala və daha dərin su mənbəyi axtara bilirlər. Üzgəclərinin yaxınlığındakı güclü əzələlər isə onların quruda qısa məsafələri qət etməsinə kömək edir.
Dünyanın müxtəlif ölkələrində təhlükə yaradırlar
İlanbaş balıqlarının bəzi növləri dünyanın müxtəlif bölgələrində invaziv növə çevrilib. Bunun əsas səbəblərindən biri insanların akvariumlarda saxladıqları bu balıqları böyüdükdən sonra təbii su hövzələrinə buraxmasıdır. Belə hallar ABŞ, Fici, Tayvan, Çin, Yaponiya, Özbəkistan və Türkmənistanda qeydə alınıb. Hətta ötən əsrin 60-cı illərində keçmiş Çexoslovakiyada bu balıqların yerli çaylara və göllərə buraxılması təşəbbüsü olub.
ABŞ-də ilanbaş balıqlarının yayılması ciddi ekoloji problemə çevrilib. Bu səbəbdən bəzi ştatların müvafiq qurumları balıqçılara tutduqları invaziv ilanbaş balıqlarını yenidən suya buraxmamağı və məhv etməyi tapşırıb. ABŞ-də ilanbaş balığı ilk dəfə 2002-ci ildə Merilend ştatının Krofton şəhərində aşkar edilib. Daha sonra bu balıqlar Nyu-York, Pensilvaniya, Nyu-Cersi, Arkanzas və digər ştatların su hövzələrində yayılıb.
Mütəxəssislər bildirirlər ki, ilanbaş balıqları Şimali Amerikanın çay ekosistemləri üçün ciddi təhlükə yaradır. Onlar kiçik balıqları, xərçəngkimiləri və digər su canlılarını yeyərək təbii tarazlığı poza bilirlər. Bu isə həm yerli balıq növlərinin sayının azalmasına, həm də balıqçılıq təsərrüfatlarına ziyan dəyməsinə səbəb ola bilər.
Bir dişi balıq 50 minə qədər kürü qoyur
İlanbaş balıqlarının sürətlə yayılmasının əsas səbəblərindən biri onların yüksək çoxalma qabiliyyətidir. Məlumata görə, bəzi növlərin dişiləri bir dəfəyə 50 minə qədər kürü qoya bilir. Bu balıqların digər maraqlı xüsusiyyəti balalarına xüsusi qayğı göstərmələridir. Belə ki, həm erkək, həm də dişi ilanbaş balığı balalarını qoruyur. Onlar balalarına yaxınlaşan digər canlılara hücum edərək onları uzaqlaşdırmağa çalışırlar.
Mütəxəssislərin fikrincə, sürətli çoxalma, yırtıcı həyat tərzi və sudan kənarda müəyyən müddət yaşamaq qabiliyyəti ilanbaş balıqlarının yeni ərazilərdə yayılmasını asanlaşdırır. Məhz bu xüsusiyyətlər onları dünyanın bəzi şirin su ekosistemləri üçün təhlükəli invaziv növlərdən birinə çevirir.
Heyvanlar balıq ilanbaş balığıMənbə: lent.az