Türk Dövlətləri Təşkilatının (TDT) yeni Baş katibi özbəkistanlı diplomat Mirvahid Əzimov olub. O, bu vəzifədə Qırğızıstan təmsilçisi Kubanıçbek Ömüralıyevi əvəzləyib.
Lent.az yeni Baş katibin dosyesini təqdim edir.
Mirvahid Mirilyasoviç Əzimov 1980-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub.
O, 2003-cü ildə Dünya İqtisadiyyatı və Diplomatiya Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirib. Bakalavr və magistr təhsili alan diplomat hüquq elmləri namizədi elmi dərəcəsinə malikdir.
Əzimovun Özbəkistan Xarici İşlər Nazirliyi sistemində 20 ildən artıq iş təcrübəsi var. O, diplomatik fəaliyyəti dövründə müxtəlif məsul vəzifələrdə çalışıb.
Dörd il Çinin paytaxtı Pekində Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyində fəaliyyət göstərib. 2012–2020-ci illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin müqavilə-hüquq idarəsinə rəhbərlik edib.
2020-ci ilin sentyabrında Türk Şurasının Baş katibinin müavini vəzifəsinə təsdiqlənib. Sonradan Türk Dövlətləri Təşkilatı adlandırılan qurumda üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar əməkdaşlığın inkişafı istiqamətində çalışıb.
2024-cü ildə Bişkekdə keçirilən TDT sammitində onun Baş katibin müavini kimi səlahiyyət müddəti yenidən uzadılıb.
2026-cı il mayın 26-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə xarici işlər nazirinin müavini təyin olunub. Bu vəzifədə investisiya, ixrac və turizm istiqamətlərinə cavabdeh olub.
Əzimov beynəlxalq hüquq, çoxtərəfli diplomatiya və türk dövlətləri arasında əməkdaşlıq sahələrində təcrübəyə malikdir.
Mirvahid Əzimov Türk Dövlətləri Təşkilatı TDT Baş katib Özbəkistan diplomatiya türk dünyası dosye
Mənbə: lent.az