IMG-LOGO

“Ayı fotoqraf qızı 40-50 metr sürümüşdü” – Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

30 Oct 2026 14:05 2 baxış
IMG
6 0

Alpinizm fiziki dözümlə yanaşı, səbir, hazırlıq və düzgün qərar vermək bacarığı tələb edən idman növüdür. Zirvəyə çatmaq qədər oradan təhlükəsiz qayıtmaq da vacibdir.

Azərbaycanlı alpinist Qərib Tağızadənin bu məşğuliyyətin çətinlikləri, dağların təhlükələri və illər ərzində qazandığı təcrübə ilə bağlı Lent.az-a müsahibəsi.

- Neçə ildir alpinizmlə məşğulsunuz? İxtisasınız nədir?

- 2012-ci ilin dekabr ayından bəri bu işlə məşğulam. Əslində təhsilimin bu sahəylə heç bir əlaqəsi yoxdur. Mən biznesin idarə edilməsi ixtisası üzrə oxumuşam. Hazırkı işim təhsilimlə əlaqəlidir, ancaq alpinizmə gəlmə səbəbimin maraqlı tarixçəsi var.

- Necə?

- Bir yerdə böyüdüyüm Nurlan Xudazarov adlı qardaş var. Onunla təxminən iki il görüşməmişdik. Sonra rastlaşanda soruşdum ki, Nurlan, nə iş görürsən? Dedi: Turizm universitetinə qəbul olmuşam. Bizdə bir müəllim var, dağ turizmi ilə məşğuldur. O vaxt Azərbaycanda alpinizm deyəndə də ancaq kinolardakı səhnələr yada düşürdü. Dedim ki, bəs sən dağlara gedirsən? Dedi ki, hə. Fikirləşmədən dedim ki, gedəndə mənə də xəbər et. Razılaşdı, Xızıda Dübrar dağına gedərik, dedi.

Mənfi 17 dərəcə şaxtada əynimdə cins şalvar, “talkuçka”dan aldığım kurtka ilə getdim dağa. Mənə alpinizmə aid bir çanta veriblər, bir də ağır ayaqqabı. Ayağımı əlimlə qaldırıb qoyurdum dağa. Palçıq da bir yandan imkan vermirdi. İnanın, mən o kampa necə çatdım, onu Allah bilir. Kamp ərazisində düz yer yox idi, çadırlar dərə-təpədə qurulmuşdu. Səhərə qədər yataq kisəsinin içərisində tırtıl kimi qalmışam. Səhər durub zirvəyə doğru yollandıq, amma gün tez batdığı üçün geri qayıtdıq. Mənim ilk ekspedisiyam təhlükəsizlik olaraq uğurlu olsa da, zirvəyə çatmaqda uğur qazanmadım. O gündən sonra başa düşdüm ki, mən özümə bu zülmü verirəmsə, bu işlə məşğul ola bilərəm.

- Alpinizmin ən çətin tərəfi nədir?

- Ən çətin tərəfi böyük dağlarda daim ölümlə üz-üzə olmaqdır. Böyük dağlara çıxmaq üçün fiziki və psixoloji hazırlıq lazımdır. Amma bunlar belə, zirvəni görməyə bəs etmir. Zirvədə olmaq üçün mütləq bəxtin olmalıdır. Zirvədə anidən hava dəyişsə, on beş dəqiqəyə belə, ölmək mümkündür.

- Dırmandığınız ən hündür zirvə hansı olub?

- Mən Aylend pik zirvəsində olmuşam. Ona balaca Everest deyirlər, 6189 metr hündürlüyündədir.

- Dağlara bir günə çıxırsınız, ya müəyyən müddət var?

- Alpinizmdə iki stil var: Himalay və Alp stili. Azərbaycandakı ən hündür zirvə Bazardüzüdür. Biz avtomobillə gedirik, 2700 metr yüksəklikdə çadır qurub gecəni keçiririk. Səhəri gün 3250 metrə çatıb, orada qalırıq. Üçüncü gün isə zirvəyə gedib qayıdırıq. Bu, alp stilidir. Himalay stili isə tamamilə fərqlidir. Oradakı dağlar yüksəkdir, ekspedisiyalar təxminən üç həftədən başlayıb, yetmiş səkkiz-doxsan günə qədər davam edir.

- Dağa doxsan günə çıxmaq çox uzun müddət deyil? Birbaşa üzü yuxarı çıxılır?

- Yüksək dağlarda zirvəyə dırmanmaq üçün əlverişli havanı tapmaq çox çətin olur. İnsanlar iki-üç ay ərzində oturub, havanın yaxşı keçməsini gözləmirlər. Dağlarda akklimatizasiya deyilən bir anlayış var. Bu, hündürlüyə öyrəşmək deməkdir. Məsələn, insan 5300 metrə qədər qalxır, orada əsas kampda (ana kamp da deyirlər) qalır. Daha sonra kamp 1, kamp 2, kamp 3, kamp 4 var. Bu kamplar arasında bir neçə saatlıq yol var.

Alpinist ana kampdan çıxanda çadırını və yeməyini götürüb kamp 1-ə gedir. Orada bir saat vaxt keçirib, yenidən enir, ana kampa. Bu, bədənin həmin hündürlüyə öyrəşməsi üçündür. Növbəti gün yenidən kamp 1-ə qalxan alpinist bu dəfə gecəni orada keçirir. Əgər səhər oyananda özünü yaxşı hiss eləsə, kamp 2-yə qalxır, bir saat vaxt keçirir. Yox, əgər halı yaxşı deyilsə, o zaman ana kampa geri dönür. Bu, bədən öyrəşənə qədər belə də davam edir. Ona görə hündür zirvələrə qalxmaq üçün vaxt tələb edir. İnsan istəsə belə, bədən öyrəşmədiyi müddətdə bu mümkün olmur.

- Mən düşünürdüm ki, birbaşa çıxılır.

- Dörd-beş minlik dağlarda siz dediyiniz kimidir. Ancaq hündür dağlara insan bədəni dözmür.

- Elə bir zirvə olub ki, müəyyən səbəblərdən onu təxirə salasınız?

- Peruda Alpamayo zirvəsinə getmək istəyirdim, ancaq vaxt məhdudiyyəti səbəbindən hələ ki orada olmamışam. Bura mənim üçün Everestdən gözəldir. Həm texniki dırmanma tələb edir, həm də mənzərəsi gözəldir.

- “Görəsən, buradan sağ çıxa biləcəm?” dediyiniz an olub?

- Olub.

- Harada?

- 2018-ci ildə Firuz Dadaşovla birgə Gürcüstan-Rusiya sərhədində, Böyük Qafqaz silsiləsinin mirvarisi adlanan Uşba dağı var. Qafqaz dağları içərisində statistik cəhətdən ən çox adam öldürən dağdır. Ora çox təhlükəlidir. Üçüncü kamp yolu özlüyündə ölümdür. Cənubdan qar gəlir, şimaldan daş uçqunu gəlir. Ayaqaltı da ancaq çatlardır.

- Dağlarda yemək təminatını necə qarşılayırsınız?

- Dağlara gedəndə təxmini günü bilirik. Yeməyi də adətən iki gün artıq götürürük. Texniki dağlarda isə vəziyyət çox çətindir. Gündə bir dəfə yemək yeyilir. Qidalar adətən konservləşdirilmiş, yığcam qablaşdırmada olur.

- Kamplardakı çadırlar təhlükəsizdir? Çadır yırtılsa, nə baş verəcək?

- Çadırların hər birinin testləri keçirilir. Ancaq kiçik bir səhlənkarlıq, çadırın ilişib deşilməsi ölüm deməkdir, insan 100% öləcək. Çünki bəzi hallarda 72 saat çadırdan çıxmaq olmaz, hətta ən vacib ehtiyaclar üçün belə. Belə bir vəziyyətdə çadırdakı dəlik insanın həyatla vidalaşması deməkdir. Bayırda saatda 80-100 kilometr sürətlə əsən küləkdə insan sağ qala bilər? Heç ana kampa da gedə bilməz, orada ölməkdən başqa çarə yoxdur.

Alpinistlər adətən deyirlər ki, dağlar bəzən insanın ora dırmanmasını istəmirlər. Bəzən isə, əksinə.

Azərbaycandakı ən böyük zirvə Bazardüzüdür, orada on dörd-on beş dəfə olmuşam, amma hər birində fərqli hiss etmişəm.

- Dağda çox ciddi xəsarət alan, ya da dünyasını dəyişən görmüsünüz?

- Bir neçə dəfə ciddi xəsarət alan görmüşəm. Bu il Bazardüzü zirvəsində yerli turistlərdən biri yıxılıb, çox ağır xəsarət almışdı.

- Dağa dırmanmağı ilk dəfədən qadınlar yaxşı bacarırlar, yoxsa kişilər?

- Kənardan baxanda kişilər fiziki cəhətdən güclü görünürlər, ancaq dağlarda qadınlar daha möhtəşəmdirlər. Qadınlar risk almağı bacarırlar, sonuna qədər gedirlər. Bəlkə də qadınlarla kişilərin ortaq nöqtəsi məhz təbiətdir.

- Sizin dağda etdiyiniz ən böyük səhv nə olub?

- Təcrübəli olduğum halda son enerjimə qədər zirvəyə çıxmışdım. Geri qayıdanda mənim nələr çəkdiyimi bir Allah bilir. Ən böyük səhvim bu idi. Zirvədən enməyə enerjim qalmamışdı. Mən onda hiss elədim ki, beyin fiziki gücü idarə edə bilirmiş. Ən çətin tərəfi isə odur ki, həmin dağ texniki idi. Orada kəndirlərdən və digər vasitələrdən istifadə edirdim. Kiçik bir səhv ölümə, ən yaxşı halda isə ömürlük şikəst olmağıma səbəb olacaqdı. Statistikalar da göstərir ki, dağlarda ölümün böyük hissəsi zirvəni görüb, qayıdandan sonra olub. Mən də həmin andan sonra bir daha eyni səhvi etməyəcəyimi anladım.

- Zirvədə insan özünü necə hiss edir? Ağlınıza kim gəlir?

- Mənim ağlıma Nurlan Xudazarov gəlirdi. Çünki alpinizmə də məni Nurlan gətirib.

Bilirsiniz, mən düşünürəm ki, dağa çıxdığın üçün öyünmək doğru deyil. Bəzən çox şişirirlər. Siz şəxsi hobbinizi nəyə görə bu qədər şişirsiniz? Bu, sizin öz seçiminizdir, kimsə sizi ora getmək üçün məcbur etməyib. Camaata “Mən, bilirsiniz, harada oldum?” deyib, şişirib, alçalmaq olmaz. Reklam lazımdır, amma həddində. Dağlar bizim öz seçimimizdir. Çox yaxşı, istedadlı alpinistlər var ki, bir müsahibələri belə yoxdur. Bar verən ağac başını aşağı əyər.

- Dağda həyatını xilas etdiyiniz, ya da sizi xilas edən kimsə olub?

- 2018-ci ildə Elbrus dağına getmişdim, gecə idi. İslam adlı oğlan var idi, gəlib kampda dedi ki, kimsə beş min metrlikdə SOS işığı yandırır. Onun yanına gedilməsəydi, böyük ehtimalla səhərə kimi öləcəkdi. Getdilər xilas etdilər.

Bir hadisəni də xatırlayıram. Kazbek dağına getmişdik, hər kəs eyni kəndirə bağlanmışdı. Azərbaycanın məşhur biznesmenlərindən birinin ayağı ilişdi, çata düşdü. Daha sonra özü-özünü xilas etdi.

- Dağa çıxmaq üçün yaş limiti var?

- MDB-nin qaydalarına görə, 14 yaşdan etibarən dağa dırmaşmaq olar. Xüsusi dağlarda 60 yaşdan yuxarı şəxslərin çıxması qadağandır.

- Yaşı çox olsa da, dağa çıxan insanla qarşılaşmısınız?

- Yaşı altmışdan yuxarı olan insanın dağa çıxdığını görmüşəm. Əlli yaşdan yuxarı bir azərbaycanlı xanım var, dağlara çıxır. İnsan çox şeyə qadirdir. Sadəcə bizdə çox da motivasiya yoxdur.

Bir hadisəni danışım: İsveçrəli bir adam var, dövlət ona işsizliyə görə müavinət verir. O, İsveçrədən Fransa kimi bahalı bir ölkəyə gəlir, həmin müavinətlə dağlara çıxır, çox yüksək qiymətli kamplarda qalır. Təsəvvür edə bilirsiniz, bu necə rahatlıqdır?

- Dağçılıq bahalı məşğuliyyətdir?

- Dağçılıq çox bahalı məşğuliyyətdir. İşləyərək pul qazanıb, dağa getmək olduqca çətindir.

- Alpinizmə marağı olsa da, kommersiya baxımından əlverişsiz olduğunu görüb, hündür binalarda pəncərələri təmizləməklə məşğul olan şəxslər var. Siz də nə zamansa bu kimi fəaliyyətlə məşğul olmusunuz?

- Mən 2006-cı ildən 2016-cı ilə qədər sizin dediyiniz işdə çalışmışam. 2016-cı ildən 2026-cı ilin may ayına qədər qaz sektorunda, dərin sulardakı platformalarda sənaye alpinizmi ilə məşğul olmuşam. Hazırda isə həmin sahənin meneceri olaraq işləyirəm.

- Sənaye alpinizmi daha çətindir, yoxsa adi alpinizm?

- Əlbəttə, adi alpinizm. Sənaye alpinizmində sizin yuxu, yemək və yük məhdudiyyətiniz yoxdur. İstənilən vaxt kəndirlə enə bilərsiniz. Ona görə də adi alpinizm daha çətindir.

- Dağlarda yırtıcı heyvanla qarşılaşmısınız, çaqqal istisna olmaqla?

- Təbiətdə görmüşəm. Bizim dağlarda ayı və canavara rast gəlmişəm, Alp dağlarında keçilər, Himalayda kəkliklər görmüşəm. Oralarda maraqlı inanclar var. 2400-2700 metrdən yuxarı qan tökmək, heyvan kəsmək olmaz.

Qəbələdə Mucuq şəlaləsi var. O vaxtlar ora dırmanmaq çox çətin idi. Kampda qalmışam, səhər oyandım ki, uşaq səsi gəlir ətrafdan. Çıxıb görürəm ki, ana ayı balasının biriylə çayı keçib, o biri bala mən tərəfdə qalıb, uşaq kimi səs çıxarır. Ən təhlükəli ayı da yanında balaları olan ayıdır.

Savalan dağında Şirvan ayıları olur. Həmin heyvanlara o qədər yemək vermişdilər ki, ayı adama yaxınlaşmırdı, çünki qarınları çox idi. Ancaq məhz bu hadisənin bəlasını turistlər çəkirdilər. Hava qaralanda ayılar kamplara yaxınlaşırdılar. Bizə dedilər ki, bir həftə əvvəl bura fotoqraf qız gəlmişdi, ayının zibilqabına yaxınlaşdığını görüb, onun şəklini çəkmək istəyib. Bu zaman ayı qıza hücum edib, onu 40-50 metr sürümüşdü. Mənə onun qanının izini göstərmişdilər.

Ümumiyyətlə, ayıları yemləmək doğru deyil. Ayıları yemlədikcə onların sayı sürətlə artır. Bu heyvanların sayı çoxaldıqda isə keçilərin, ceyranların sayı azalır, çünki onları yeyirlər.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Alpinist müsahibə dağçılıq turizm sektoru Himalay Alp dağları Everest Bazardüzü Qərib Tağızadə

Mənbə: lent.az

Xəbər lenti