Azərbaycanın "LANDAU Lions" basketbol komandası əvvəlki səhvlərdən nəticə çıxararaq Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib.
Bu barədə "Report"a komandanın aparıcı üzvü Ceyms Freyzer açıqlama verib.
O, FIBA Avropa Kubokunun G qrupunun IV turunda 94:86 hesablı qələbə qazandıqları qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Səhvlərimizdən nəticə çıxardıq və qalib gəldik. Düşünürəm ki, yaxşı oyun sərgilədik. Şəxsən mən daha yaxşı oynaya bilərdim. Amma biz sadəcə qalibiyyət haqqında fikirləşirdik. Rəqibimiz güclü idi. Meydanda var gücümüzü qoyduq".
C.Freyzer komandası üçün əlindən gələni etməyə çalışdığını söyləyib:
"İlk iki görüşdə böyük fərqlə uduzmuşduq. "Bakken Birs"ə (Danimarka) qarşı dueldə əlavə vaxtda məğlub olduq. Bu dəfə nə etməli olduğumuzu anlayırdıq".
Xatırladaq ki, "LANDAU Lions" əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.
Mənbə: report.az