Rusiyanın Federal Antiinhisar Xidməti ikinci antikartel qanun layihələri zərfi hazırlayır – bu, qurumun sövdələşmələrin qarşısının alınması sahəsində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu xidmət rəhbərinin müavini Ruslan Calyukov MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.
"Yeni sənədlər paketi "Rəqabətin qorunması haqqında" qanunlara, eləcə də Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə genişmiqyaslı dəyişikliklərin edilməsini nəzərdə tutur", - o bildirib.
R.Calyukov qeyd edib ki, təşəbbüs əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin rəsmi olaraq birbaşa antiinhisar orqanına təqdim edilməsini təsbit edir.
Bundan başqa, qanun layihəsi məsuliyyətin yüngülləşdirilməsini nəzərdə tutan mövcud proqramı - məsuliyyətdən azad etmə üzrə korporativ proqramı ciddi şəkildə təkmilləşdirir.
"Xüsusilə sənəd kartel iştirakçılarının quruma könüllü müraciət etmə ardıcıllığından asılı olaraq cərimələrin məbləğlərində differensiallaşdırmanı nəzərdə tutur. Belə ki, sövdələşmə barədə məlumat verən ikinci şəxs üçün cərimənin məbləğinin təyin edilməli olan cərimənin ümumi məbləğinin 70 %-i, üçüncü şəxs üçün isə 85 %-i səviyyəsində müəyyən edilməsi təklif olunur", - o əlavə edib.
Mənbə: report.az