IMG-LOGO

30 illik problemin 23 saatlıq epizodu

19 Sep 2026 20:05 2 baxış
IMG
0 0

Tarixin paradokslarından biri də budur: bəzən onilliklərlə davam edən proses bir neçə saatın içində öz kulminasiya nöqtəsinə çatır. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror əməliyyatı da sentyabrın 20-də qəhrəman ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ona görə də Prezident İlham Əliyev deyir ki, antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Çünki bu hadisə ilə Azərbaycanın bütün ərazisində qanunun aliliyi təmin edildi, dövlət suverenliyi tam bərpa olundu və bu tarix xalqımızın yaddaşında əbədi qalacaq.

Lakin 20 Sentyabrı yalnız hərbi nəticə kimi təqdim etmək həmin günün siyasi və hüquqi mənasını azalda bilər. Nəzər salsaq görərik ki, 2020-ci il Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı, 2023-cü ilin sentyabrında baş vermiş antitteror əməliyyatından sonra isə dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamda da bu iki mərhələ bir-biri ilə əlaqələndirilir. Buradakı mühüm məqam ondan ibarətdir ki, ərazi bütövlüyü dövlətin harada hökmranlıq etdiyini, suverenlik isə həmin ərazidə kimin hüquqi hakimiyyətə malik olduğunu göstərir. Bu fərq 20 Sentyabrın mahiyyətini anlamaq üçün olduqca vacibdir. Belə ki, 8 Noyabr hərbi-siyasi mübarizənin həlledici nəticəsini, 20 Sentyabr isə dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərpası mərhələsini ifadə edir.

Daha bir müqayisə: Müasir Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə hüquqi-siyasi fakt kimi meydana çıxdı. Lakin 1990-cı illərdən başlayan münaqişə, diplomatik danışıqlar, beynəlxalq vasitəçilik, BMT Təhlükəsizlik Şurasının qətnamələri, humanitar böhran, məcburi köçkünlük, ərazilərin işğalı dövlət suverenliyinin ölkənin bütün ərazisində həyata keçirilməsinə imkan vermədi. Yəni Azərbaycan müstəqil dövlət idi, lakin onun suveren hüquqları ölkənin bütün ərazisində eyni şəkildə tətbiq olunmurdu. 20 sentyabr 2023-cü ildə baş verən hadisə məhz bu tarixi ziddiyyəti aradan qaldırdı. Bu mənada Dövlət Suverenliyi Günü 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə də məzmun baxımından əlaqəlidir. Biri dövlət müstəqilliyinin bərpasını, digəri isə həmin müstəqil dövlətin suverenliyinin bütün ölkə ərazisində təmin edilməsini ifadə edən iki mühüm tarixi mərhələdir. Birinci tarix dövlətin yenidən doğuluşunu, ikinci tarix isə onun ərazi və konstitusion bütövlüyünün tamamlanmasını simvolizə edir.

20 sentyabrın başqa bir mühüm tərəfi də odur ki, bu tarix Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında “son” və “başlanğıc” anlayışlarını eyni anda birləşdirir. 2023-cü ildə bir tərəfdən, uzun illər davam edən münaqişənin, işğalın və separatçı idarəçiliyin yaratdığı vəziyyətə birdəfəlik son qoyuldu. Digər tərəfdən, Qarabağda yeni mərhələ – bərpa, quruculuq, qayıdış və dövlət idarəçiliyinin yenidən qurulması prosesi başladı. Bu gün həmin ərazilərdə dayanıqlı idarəetmənin yaradılması, insanların təhlükəsizliyinin təmin edilməsi, iqtisadi həyatın canlandırılması, şəhərlərin yenidən qurulması, sosial infrastrukturun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün ciddi işlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyin siyasi, hüquqi, iqtisadi, hərbi və mənəvi dayaqları günbəgün möhkəmləndirilir. Suverenliyin bərpası ilə artıq o torpaqlarda dalğalanan üçrəngli bayrağımızın arxasında dövlətimizin hüququ, konstitusion quruluşu və institusional gücü dayanır. İndi əsas məqsəd bu şanlı tarixi gələcək tarixlə əlaqələndirməkdir. Çünki Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçiliyinin üç mühüm anlayışını bir nöqtədə birləşdirir: ərazi, dövlət və xalq. Ərazi dövlətin məkanıdır. Dövlət həmin məkanın hüquqi-siyasi təşkilidir. Xalq isə bu dövlətçiliyin əsas daşıyıcısıdır!  

Yunis ORUCOV

Əməkdar jurnalist

antiterror əməliyyatı

Mənbə: lent.az

Xəbər lenti