Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər.
Lent.az xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var.
Mütəxəssislərin hesablamasına görə, ən çox enerji sərf olunan ev işlərindən biri paltarların yuyulması və qurudulmasıdır. Yaş paltarları daşımaq, asmaq və toplamaq insanı tez-tez əyilməyə və uzanmağa məcbur edir.
Təxminən 30 dəqiqə ərzində müxtəlif ev işlərində sərf olunan enerji belədir:
Paltarların yuyulması və qurudulması 186 kkal, ütüləmə 180 kkal, tozsoranla təmizlik 170 kkal, döşəmənin nəm təmizlənməsi 164 kkal, qabyuyan maşının doldurulması və boşaldılması 149 kkal.
Mətbəx səthlərinin silinməsi və təmiz paltarların qatlanması zamanı təxminən 145 kkal, sobanın təmizlənməsi və yatağın yığılması zamanı 139 kkal, toz silərkən 138 kkal, pəncərə yuyarkən isə 137 kkal sərf oluna bilər.
Mütəxəssislər bildirirlər ki, əsas məsələ görülən işin növündən çox onun müddəti və hərəkətlərin intensivliyidir. Bir saat aktiv ev işi sakit templə bir saat gəzməyə yaxın enerji sərfiyyatı yarada bilər.
Ev təmizliyini daha aktiv etmək üçün hərəkətlərin amplitudasını artırmaq da mümkündür. Məsələn, döşəməni silərkən irəli addımlamaq, mətbəxdə işləyərkən ayaq barmaqları üzərinə qalxmaq və yatağı yığarkən daha geniş addımlar atmaq daha çox əzələnin işləməsinə kömək edir.
Mütəxəssislərin fikrincə, gündəlik ev işlərinə daha çox hərəkət əlavə etdikcə onları yüngül fiziki məşqə çevirmək mümkündür.
ev təmizlikMənbə: lent.az