IMG-LOGO

Sağlamlığımız üçün əsas təhlükəli məhsul: ucuzdur, həm də...

18 Sep 2026 15:49 2 baxış
IMG
0 0

Həkimlər orqanizm üçün ciddi təhlükə yarada bilən məhsulun adını açıqlayıblar. Mütəxəssislərin fikrincə, onun ucuz və asan əldə olunması problemi daha da ağırlaşdırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli qazlı içkilərin həddindən artıq istehlakı hər il dünyada təxminən 184 min ölüm halı ilə əlaqələndirilir. Qazlı və digər şəkərli içkilərin ucuzluğu və geniş yayılması insan sağlamlığı üçün ciddi risklərdən biri hesab olunur.

Amerika Xərçəng Cəmiyyətindən Cefri Droup və onun komandası son 30 il ərzində 40 inkişaf etmiş və 42 aşağı gəlirli ölkədə qazlı içkilərin əlçatanlığını araşdırıb. Tədqiqatçılar şəkərli içkilərlə qablaşdırılmış suyun qiymətlərində baş verən dəyişiklikləri müqayisə ediblər.

Nəticələr göstərib ki, əksər ölkələrdə qazlı içkilərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Adi suyun qiyməti isə ya artıb, ya da demək olar ki, dəyişməyib. Bu da bir çox hallarda qazlı içkilərin sudan daha əlçatan olmasına gətirib çıxarıb. Droupun sözlərinə görə, insanlar bu gün 1990-cı illə müqayisədə gəlirlərinin eyni hissəsini xərcləyərək orta hesabla 71 faiz daha çox qazlı içki ala bilirlər. İnkişaf etməkdə olan ölkələrdə isə bu göstərici daha yüksəkdir. Belə ölkələrdə insanlar əvvəlki dövrlə müqayisədə təxminən 89 faiz daha çox şəkərli içki ala bilirlər.

Alimlərin fikrincə, bu cür içkilərin ucuz və əlçatan olması onların istehlakını artırır. Bu isə dünyada piylənmə və diabet hallarının yayılmasını daha da sürətləndirə bilər. Tədqiqatçılar problemin qarşısını almaq üçün qazlı içkilərin qiymət siyasətinin dəyişdirilməsi və onların əlçatanlığının müəyyən qaydalarla tənzimlənməsini təklif edirlər. Mütəxəssislər hesab edirlər ki, belə tədbirlər şəkərli içkilərin istehlakını azalda və ictimai sağlamlığın qorunmasına müsbət təsir göstərə bilər.

 

Sağlıq qazlı içkilər zərərli məhsullar

Mənbə: lent.az

Xəbər lenti