Yeni Zelandiyanın paytaxtı, Rusiyanın Qara dəniz sahilində yerləşən şəhəri və Antarktidanı nə birləşdirir? Bu məkanların hər biri mütəmadi olaraq dünyanın ən küləkli yerlərinin siyahısına düşür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, küləkli yer anlayışı yalnız küləyin sürəti ilə müəyyən edilmir, burada davamlı külək rejimi, relyefin yaratdığı yerli təsirlər və meteoroloqların ölçmə metodları da mühüm rol oynayır.
Dünyada elə ərazilər var ki, güclü külək burada nadir təbiət hadisəsi deyil, demək olar gündəlik həyatın bir hissəsidir.
Dünyanın ən küləkli şəhəri – Vellinqton
Yeni Zelandiyanın paytaxtı Vellinqton tez-tez dünyanın ən küləkli şəhəri adlandırılır. Yer səviyyəsində küləyin orta illik sürəti təxminən 5,4 m/saniyə təşkil edir. Lakin Kaukau dağında yerləşən anemoqraf orta hesabla 12 m/saniyə sürət qeydə alır.
Vellinqtonda indiyədək qeydə alınan ən güclü külək 56 m/saniyə olub. Bu göstərici məhz Kaukau dağında qeydə alınıb. Şəhər güclü küləklərdən enerji istehsalı üçün də istifadə edir.
Antarktidada rekord katabatik külək
Antarktida katabatik küləkləri ilə məşhurdur. Katabatik külək soyuq və sıx hava kütləsinin yüksək ərazilərdən yamac boyunca aşağıya doğru sürətlə hərəkət etməsi nəticəsində yaranır.
1912-ci ildə Birlik körfəzində yerləşən Denison burnunda katabatik küləyin sürətinin 75 m/saniyəyə çatdığı qeydə alınıb. Bölgədə maksimal orta sutkalıq külək sürəti isə təxminən 20 m/saniyə təşkil edir. Bu göstərici artıq fırtına gücünə uyğun gəlir.
Barrou adasında 113 m/saniyəlik külək
Avstraliyanın Barrou adası tornado ilə əlaqəli olmayan ən yüksək qeydə alınmış külək sürəti ilə tanınır.
1996-cı ildə “Olivia” tropik siklonu zamanı Qərbi Avstraliyanın şimal-qərb sahilində yerləşən avtomatik meteoroloji stansiya küləyin sürətinin 113 m/saniyəyə çatdığını qeydə alıb.
Bu, saatda təxminən 407 kilometr sürət deməkdir.
Pevekdə külək 80 m/saniyəyə çatır
Rusiyanın Çukotka bölgəsində yerləşən Pevek şəhəri “yujak” adlandırılan güclü yerli küləyi ilə tanınır. Onun orta sürəti təxminən 40 m/saniyə təşkil edir, ayrı-ayrı hallarda isə küləyin sürəti 80 m/saniyəyə qədər yüksələ bilir.
Bu qədər güclü küləyin yaranmasının əsas səbəbi ərazinin xüsusi relyefidir. Pevek Çaun körfəzi boyunca uzanan dağ silsiləsinin ətəyində yerləşir. Hava kütlələri dağlara çatdıqda silsiləni aşmağa məcbur olur və nəticədə küləyin sürəti kəskin artır.
Novorossiyskdə qorxulu “bora”
Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk şəhəri isə “bora” adlanan güclü küləyi ilə məşhurdur. Bu təbiət hadisəsi adi qış gününü cəmi bir neçə saat ərzində güclü fırtınaya çevirə bilir.
Bora zamanı küləyin sürəti tez-tez 40 m/saniyəni keçir, bəzi hallarda isə 60 m/saniyəyə çatır.
Ən maraqlısı isə budur ki, bu güclü külək dəniz üzərində yaranmır. Soyuq hava kütlələri dağlardan aşağıya, Qara dəniz sahilinə doğru böyük sürətlə hərəkət edir və nəticədə son dərəcə güclü külək meydana gəlir.
Küləkli yerlər dünyanın ən küləkli yerləriMənbə: lent.az