Kolumbiyada yaşayan 35 yaşlı Lizbet Patinyo Boqotada 60 nömrəli marşrut üzrə hərəkət edən qırmızı “TransMilenio” avtobusu ilə “evləndiyini” açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Patinyo gizli toy mərasimi təşkil edib. O, ağ gəlinlik geyinib, tort və mirvari üzük alıb. Mərasimdə isə cəmi bir qonaq iştirak edib.
Daha sonra qadın avtobusla “nikahını” təsdiqləyən sənədi özü hazırlayıb. “Ərinə” daha yaxın olmaq üçün o, tibb bacısı işlədiyi xəstəxanadan çıxıb və avtobus deposunda təmizlikçi kimi işə başlayıb.
Patinyonun sözlərinə görə, o, özünü “həyat yoldaşı” kimi aparır və avtobusu qoruyur. Bir dəfə qadın avtobusun şüşəsini sındıran sərnişinlə mübahisə edib. Ötən ay isə “sevgilisinin” təsvirini bədəninə döymə etdirib.
Qadın bu münasibət barədə ictimaiyyətə danışmasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, metro tikintisi ilə əlaqədar 60 nömrəli marşrutun ləğv ediləcəyindən narahatdır və məsələyə hüquqşünasların, eləcə də hüquq müdafiəçilərinin diqqətini çəkmək istəyir.
Patinyo bildirib ki, uşaqlıqdan obyektlərə güclü emosional bağlılıq hiss edib. O, hələ 10 yaşında “Trans Sandona” şirkətinə məxsus 2200 nömrəli şəhərlərarası avtobusa aşiq olduğunu və ona məktublar yazdığını deyib.
Bununla yanaşı, qadın gələcəkdə real kişi ilə münasibət qurmasını da istisna etmir. Lakin hazırda, onun sözlərinə görə, ürəyi “TransMilenio” avtobusuna məxsusdur.
dünyadan xəbərlər maraq maraqlı xəbərlər avtobusMənbə: lent.az