Son günlər dəbdəbəli toylar sosial şəbəkələrdə fikir ayrılığına səbəb olur. Belə ki, sadə toylardan fərqli olaraq, tanınmış simaların dəvət edildiyi məclislər, minimalizmdən xeyli uzaq dəbdəbəli masalar, dekorlar və ehtişamlı gəlinliklər insanları iki yerə bölür.
Bəziləri bu cür toylara üstünlük verərək belə bir mərasimin xəyalını qursa da, digərləri bunun artıq xərc və pul itkisi olduğunu düşünür.
Bəs gənclər nə düşünür?
Sorğunu Lent.az-ın hələ subay əməkdaşı götürür:
Gənclər dəbdəbəli, yoxsa daha sadə toy mərasimlərinə üstünlük verirlər? Biz də bu sualla gənclər arasında sorğu keçirdik.
Gənclərin eyni yaş kateqoriyasından olmasına baxmayaraq, cavablar xeyli fərqli oldu. Gənclərin bir çoxu dəbdəbəli toylara üstünlük verərkən, eyni zamanda sadə toy seçənlər də bir xeyli çoxdur.
Zemfira: “Dəbdəbəli toy istəyərdim. Toyum yadda qalan olmalıdır”, – deyir. Onun əksinə, dostu Aysel isə sorğumuza cavabında sadə toy istədiyini, az adam və səmimi şənliyə üstünlük verdiyini bildirdi.
Bir çox gəncdən sorğu apardıq və çox fərqli fikirlər gördük. Məsələn, Aytən adlı bir gənc bizə cavabında: “Sadə olmalıdır, dəbdəbəli toylar pul itkisidir. Onun yerinə həmin pulu xeyriyyə üçün istifadə edərdim”, – dedi.
Ayçin xanım isə sadəlikdən uzaq, yadda qalacaq, bər-bəzəkli toy sevdiyini bildirdi. Sona isə sosial şəbəkələrdə gördüyü toyları sadəcə dövrün trendi kimi qiymətləndirir və bunun yerinə sadə toylara üstünlük verdiyini bildirdi.
Əlbəttə, qızlara nisbətən oğlanların cavabları daha eynilik təşkil edirdi. Gənc oğlanlara müraciətimizdə kimisi o pulu dünyanı gəzmək üçün xərcləmək istədiyini, kimisi toyları sevmədiyi üçün kiçik şənlik istədiyini bildirdi.
Bir gəncin cavabı isə daha fərqli idi. Rzanın fikrincə, əgər maddiyyat buna icazə verirsə, niyə də olmasın? Əsas odur, illər keçdikcə o toy yaddaşlarda gözəl qalsın.
Biz sorğumuzu sadəcə bu gənclərlə sonlandırmadıq. Müxtəlif universitetlərdə oxuyan tələbələrdən, müxtəlif yerlərdə işləyən gənclərdən sualımıza cavab almağa davam etdik. Yaşlar eyni olsa da, cavablar bir-birindən fərqli idi.
Nəticədə, gənclərin toy seçiminə yanaşması fərqlidir. Kimisi üçün dəbdəbəli və yadda qalan toy önəmlidirsə, kimisi üçün əsas olan səmimiyyət, sadəlik və xərclərin daha məqsədli istifadəsidir.
Qətibə Babayeva
dəbdəbəli toy sadə toy toy mərasimləri gənclər arasında sorğu toy xərcləri evlilik xoşbəxtlik toy dəbdəbəsi bahalı toylar toy ənənələri müasir toylar gənclərin toy seçimi toy trendləri sosial şəbəkələr gəlinlik toy dekorasiyası münasibətlər Azərbaycan toylarıMənbə: lent.az