Sakit okeanda yerləşən Nauru ada dövləti müstəmləkə keçmişinin izlərindən uzaqlaşmaq və milli kimliyini ön plana çıxarmaq məqsədilə adını dəyişmək qərarına gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin yeni rəsmi adı Naoero Respublikasıdır. Dəyişiklik çərçivəsində dövlətin beynəlxalq kodunun da NRU-dan NRO-ya dəyişdirilməsi nəzərdə tutulur. Təyyarə və gəmilərdəki müvafiq işarələr də yenilənəcək.
Naoero adı yerli sakinlər üçün yad deyil. Bu ad əvvəllər də gündəlik həyatda işlədilib və dövlət gerbində əks olunub. Prezident Devid Adeanqın sözlərinə görə, Nauru variantından əsasən əcnəbilərin yerli adı tələffüz etməkdə çətinlik çəkməsi səbəbindən istifadə olunub.
Əvvəlcə məsələ ilə bağlı referendumun keçirilməsi nəzərdən keçirilib. Lakin uzun müzakirələrdən sonra parlament ad dəyişikliyi barədə qərarı özü qəbul edib.
Bu addım dövlətlərin milli kimliyini vurğulamaq və müstəmləkə keçmişi ilə bağlı adlardan imtina etmək meylinin bir hissəsi kimi qiymətləndirilir.
Sakit okeanın mərkəzi hissəsində yerləşən ölkənin əhalisi təxminən 12 min nəfərdir. Nauru Almaniyanın müstəmləkə idarəçiliyindən və sonrakı Avstraliya administrasiyası dövründən sonra 1968-ci ildə müstəqillik əldə edib.
1970-ci illərdə genişmiqyaslı fosfat hasilatı ölkədə iqtisadi yüksəlişə səbəb olub. Lakin ehtiyatların tükənməsi ilə dövlət ciddi iqtisadi problemlərlə üzləşib.
Hazırda ölkə üçün əsas təhlükələrdən biri iqlim dəyişikliyi və dəniz səviyyəsinin yüksəlməsidir. Bu səbəbdən hakimiyyət əhalinin gələcəyini təmin etmək üçün müxtəlif maliyyə mənbələri axtarır. İnvestisiya müqabilində vətəndaşlıq verilməsi proqramı da bu istiqamətdə nəzərdən keçirilən vasitələrdəndir.
Nauru ərazisinə görə dünyanın üçüncü ən kiçik müstəqil dövlətidir.
dünya dövlət ən kiçik ölkəMənbə: lent.az