Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanın qərbində, Fermanada yerləşən, yaşı 200 ildən çox olan saman damlı evdə yaşayır. Bu ev onun üçün sadəcə yaşayış yeri deyil, həm də ailəsinin tarixini yaşadan bir mirasdır.
Marqaret Qallager 1942-ci ildə indi də yaşadığı üçotaqlı evdə dünyaya gəlib. Evi onun babası 1887-ci ildə alıb və həmin vaxtdan bəri bina demək olar ki, dəyişməz qalıb. Evin divarları yerli daş, gil və torfdan tikilib, damı isə ənənəvi çovdar samanı ilə örtülüb. Hazırda bina memarlıq abidəsi kimi qorunur.
Evdə nə su xətti, nə mərkəzi istilik sistemi, nə də elektrik şəbəkəsi var. Marqaret hər gün suyu yaxınlıqdakı bulaqdan daşıyır. Evi açıq ocaqla qızdırır, yeməkləri də həmin ocaqda hazırlayır.
Onun günü sübh tezdən başlayır. İlk işi ocağı qalamaq, daha sonra su gətirmək və gündəlik təsərrüfat işlərini görməkdir. Evi kerosin lampaları və şamlarla işıqlandırılır, istilik üçün isə torfdan istifadə olunur.
Bununla belə, müasir texnologiyalar onun həyatından tamamilə kənarda deyil. Marqaretin mobil telefonu var. Telefonunu günəş enerjisi ilə işləyən enerji qurğusundan, lazım gəldikdə isə avtomobildə enerji yığaraq istifadə edir.
“Bu həyatdan başqa heç bir həyat tanımamışam. İnsan heç vaxt sahib olmadığı şey üçün darıxmır. Bu tənhalıq mənim rahatlığımdır”, – o bildirib.
Marqaretin yaşadığı ev nəsillər boyu ailənin xatirələrini qoruyub. Onun atası da 1888-ci ildə məhz bu evdə doğulub və 92 yaşında burada vəfat edib. Marqaret uşaqlığını ailə təsərrüfatında keçirib, daha sonra uzun illər xəstə atasına qulluq edib.
Tək qaldıqdan sonra isə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. O, yerli mədəni həyatda fəal iştirak edib, tarixi cəmiyyət yaradıb və bölgənin ənənələrinin qorunmasına töhfə verib.
Marqaretin mətbəxində yeməklər bu gün də ulu nənə və babalarının dövründə olduğu üsullarla hazırlanır. Məşhur İrlandiya sodalı çörəyi çuqun qabda, açıq odun üzərində bişirilir, reseptlər isə nəsildən-nəslə ötürülür.
84 yaşlı qadın zarafatla deyir ki, “ekoloji həyat tərzi dəbə düşməmişdən çox əvvəl ekoloji yaşayırdı”.
O, yerli məhsullardan istifadə edir, demək olar ki, tullantı yaratmır, yağış suyunu toplayır və minimum enerji sərf edir.
Marqaret qapalı həyat sürən biri də deyil. O, qonaqları həvəslə qəbul edir və köhnə İrlandiya kənd həyatının ənənələri barədə danışmağı sevir.
Onun ictimai və mədəni fəaliyyəti Böyük Britaniyada da qiymətləndirilib. Marqaret mükafata layiq görülüb, həmçinin Kraliça II Elizabet və sonradan kral olan III Çarlzla görüşmək imkanı əldə edib.
“İnsan istədiyi kimi yaşamaq hüququna malikdir. Yaşadığın həyat səni formalaşdırır. Bu həyat mənə kimliyimi verir”, – Marqaret müsahibələrinin birində bildirib.
Qış aylarının onun üçün daha çətin keçdiyini etiraf etsə də, həyat tərzini dəyişmək niyyətində deyil. Sağlamlığı və gücü imkan verdiyi müddətdə 80 ildən çox əvvəl doğulduğu həmin saman damlı evdə yaşamağa davam etmək istəyir.
Marqaret Qallagerin hekayəsi rəqəmsal dövrdə rahatlıqla xoşbəxtliyin hər zaman eyni məna daşımadığını bir daha göstərir.
tənha tək yaşayan adamMənbə: lent.az