Azərbaycanda toy həmişə ailə hadisəsindən daha böyük məna daşıyıb. Ancaq söhbət yüksək vəzifəli şəxslərin, onların övladlarının və yaxınlarının toylarından gedəndə maraq gəlinin libası və qonaqların kimliyi ilə bitmir. Bahalı restoran, xaricdən gətirilən dekorasiya, məşhur müğənnilərin qonorarları və lüks avtomobillərin görüntüləri yayılan kimi sosial şəbəkələrdə eyni sual ortaya çıxır: bu toy neçəyə başa gəlib?
Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:
Son onillikdə mediada müzakirə olunan belə mərasimlərin siyahısı kifayət qədər uzundur. Müxtəlif illərdə sabiq və hazırkı yüksək vəzifəli şəxslərin ailələrində keçirilən toylar “Buta Palace”, “Four Seasons Hotel Baku” kimi məkanları, tanınmış yerli və xarici müğənniləri və yüksək səviyyəli təşkilatçılığı ilə gündəmə gəlib.
400 min dollarlıq toy mübahisəsi
Azərbaycan mediasında ən böyük rezonans doğuran mərasimlərdən biri 2017-ci ildə Bakı Lift İdarəsinin o zamankı rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toyu olub. Toydan yayılan görüntülərin ardınca mərasimin 400 min dollara başa gəldiyi barədə xəbərlər yayılmışdı. Mövzu o qədər böyüdü ki, məsələ sırf maqazin xəbəri olmaqdan çıxdı, sosial şəbəkələrdə məmurların gəlirləri və bahalı həyat tərzi ətrafında müzakirəyə çevrildi.
Həmin dövrdə toyun keçirildiyi “Böyük Saray”dakı menyu qiymətləri əsasında hesablamalar da aparılmışdı. Mətbuatda yayılan məlumatlara görə, menyu adambaşına 220-300 manat arasında dəyişirdi. Məsələn, 800 nəfərlik məclisdə 250 manatlıq menyunun yalnız ziyafət hissəsi 200 min manat edirdi. Musiqi, dekorasiya, foto-video, avtomobil və digər xidmətlər isə bu məbləğə daxil deyildi.
TƏBİB rəhbərinin qızının toyu – yarım milyonluq iddia
2023-cü ildə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun qızının toyu da sosial şəbəkələrdə böyük müzakirə yaratdı. Mətbuatda mərasimin ümumi xərcinin yarım milyon manatı keçdiyi iddia edildi. Toyda Aygün Kazımova və Röya Ayxan kimi məşhur sənətçilər çıxış etmişdilər. Həmin dövrdə yayılan hesablamalarda təkcə şou-biznes nümayəndələrinə təxminən 100 min manat xərcləndiyi irəli sürülürdü.
Mərasimin qiyməti ilə bağlı rəsmi xərc sənədi açıqlanmadığından yarım milyon manat rəqəmi də medianın hesablaması və iddiasıdır. Lakin toyun görüntülərinin yayılması onun həmin ilin ən çox müzakirə edilən məclislərindən birinə çevrilməsinə kifayət etdi.
Dubaydakı toy: milyon manatlıq mərasim?
Ən yeni səs-küylü mərasimlərdən biri isə 2026-cı ilin yanvarında Dubayda keçirildi. İş adamı Hasil Nurullayev oğluna “The Ritz-Carlton” hotelində toy etdi. Görüntülər yayılandan sonra mərasim Azərbaycan sosial mediasının gündəminə düşdü.
Mətbuatda Aygün Kazımovanın çıxışına 100 min manat, aparıcı Nanə Ağamalıyevaya isə 25 min manat ödənildiyi iddia edildi. Atəşfəşanlıq, dekorasiya, lüks avtomobillər və digər təşkilati xərclər də nəzərə alınaraq mərasimin ümumi büdcəsinin bir milyon manat civarında ola biləcəyi yazıldı.
Xarici ulduza 400 min dollar?
Məmur ailələri ilə əlaqələndirilən toylar arasında xarici məşhurların iştirak etdiyi mərasimlər də xüsusi diqqət çəkib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsinin toyunda Murad Boz, Fərhad Göçər, Mustafa Ceceli, Leonid Aqutin və Valdis Pelş kimi məşhurların iştirak etdiyi bildirilib. Mediaya görə, təkcə Murad Boza 400 min dollar qonorar verildiyi iddia olunub. Bu rəqəmin də rəsmi təsdiqi yoxdur.
Siyahını daha da uzatmaq olar. Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri Saleh Məmmədovun oğlunun toyu, eləcə də bir sıra sabiq nazirlərin və digər vəzifəli şəxslərin övladlarının toyları yer alır. Saleh Məmmədovun oğlunun toyunda Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif və Manana Çaparidzenin çıxış etdiyi bildirilir.
Bəs ən bahalı toy hansıdır?
İctimai rezonansa görə üç mərasim xüsusilə seçilir: Aysel Şükürovanın 400 min dollarla əlaqələndirilən toyu, Vüqar Qurbanovun qızının yarım milyon manatlıq olduğu iddia edilən mərasimi və Hasil Nurullayevin oğlunun Dubayda keçirilib milyon manat civarında qiymətləndirilən toyu. Sonuncu həm məkanına, həm də yayılan qonorar rəqəmlərinə görə 2026-cı ilin ən çox danışılan toylarından birinə çevrilib.
Toy bir ailənin şəxsi bayramıdır. Amma onu keçirən ailənin adı dövlət vəzifəsi ilə yanaşı çəkiləndə bahalı süfrə, xarici ulduz və yüz minlərlə manatlıq iddialar artıq təkcə maqazin mövzusu olmur. Sosial şəbəkələrdə mübahisənin əsas səbəbi də məhz budur: dəbdəbənin özündən daha çox, həmin dəbdəbənin hansı vəsait hesabına yaradıldığı maraq doğurur.
məmur toyları məmur övladları dəbdəbəli toy bahalı toylar Azərbaycanda toylar Aysel Şükürova Qüdrət Şükürov Vüqar Qurbanov Hasil Nurullayev Razi Nurullayev Dubayda toy milyonluq toy Aygün Kazımova Röya Ayxan Murad Boz məmurlar sosial şəbəkələr Azərbaycan xəbərləri
Mənbə: lent.az