Evin təhlükəsizliyini qorumaq üçün mütləq iri it saxlamaq lazım deyil. Bəzi kiçik it cinsləri güclü eşitmə qabiliyyətinə malikdir, yad səslərə dərhal reaksiya verir və evə kənar şəxsin yaxınlaşdığını hürərək sahibinə bildirir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə yaşlı cütlüklər üçün həm yaxşı yoldaş, həm də ayıq-sayıq gözətçi ola biləcək kiçik it cinslərini açıqlayıblar.
Kiçik itlərin əsas üstünlüklərindən biri onların çox yer tələb etməməsidir. Bu itləri mənzildə saxlamaq, gəzdirmək və nəzarətdə saxlamaq iri cinslərlə müqayisədə daha asan ola bilər. Mütəxəssislər bildirirlər ki, seçim zamanı itin yalnız gözətçilik xüsusiyyətlərini deyil, xarakterini, aktivlik səviyyəsini və qulluq ehtiyaclarını da nəzərə almaq lazımdır.
1. Cırtdan şnauzer
Cırtdan şnauzer ölçüsünün kiçik olmasına baxmayaraq, olduqca diqqətli itdir. Almaniyada ferma işləri və siçovulların ovlanması üçün yetişdirilən bu cins yad səslərə və tanımadığı insanlara sürətlə reaksiya verir. Onlar ağıllı və öyrənməyə meyilli olsalar da, bəzən inadkar ola bilirlər. Buna görə erkən sosiallaşma və ardıcıl təlim vacibdir. Gündəlik gəzinti və oyunlara da ehtiyac duyurlar.
2. Lhasa apso
Lhasa apso min illər ərzində Tibetdə gözətçi iti kimi istifadə edilib. Bu itlər monastır və saraylarda yad insanların yaxınlaşmasını xəbər vermək üçün saxlanılıb. Güclü eşitmə qabiliyyəti və gur hürməsi onları yaxşı xəbərdaredici itə çevirir. Eyni zamanda sahiblərinə mehriban münasibət göstərirlər. Qısa gündəlik gəzintilər onlar üçün kifayət edə bilər, lakin uzun və sıx tükləri müntəzəm qulluq tələb edir.
3. Pomeran şpitsi
Ölçüsü çox kiçik olsa da, Pomeran şpitsi cəsarətli və özünəinamlı xarakterə malikdir. Yad insanların və qeyri-adi səslərin fərqinə tez varır və hürərək sahibini xəbərdar edə bilir. Aktiv və oynaq olan bu itlərə erkən sosiallaşma və düzgün təlim lazımdır. Onların qalın tükləri də mütəmadi daranmalıdır.
4. Taksa
Taksa Almaniyada porsuq ovlamaq üçün yetişdirilib. Buna görə bu itlər cəsarətli, israrlı və diqqətli xarakterləri ilə seçilirlər. Yad səsləri tez hiss edir və sahibini hürərək xəbərdar edirlər. Mənzil həyatına yaxşı uyğunlaşsalar da, həddindən artıq hürməmələri üçün düzgün təlim almaları vacibdir.
5. Cırtdan pinçer
Cırtdan pinçer kiçik ölçüsünə baxmayaraq, ətrafında baş verənləri daim izləyən cəsarətli itdir. Yad insanlara və qeyri-adi hərəkətlərə sürətlə reaksiya verir. Bu itlər ağıllı və ailələrinə bağlıdırlar. Bununla yanaşı, enerjili olduqları üçün gündəlik oyun və qısa gəzintilərə ehtiyac duyurlar. Qısa tükləri isə nisbətən asan qulluq tələb edir.
6. Kern-teryer
Şotlandiyada zərərvericiləri ovlamaq və ferma ərazilərini qorumaq üçün yetişdirilən Kern-teryer təbiətən ayıq və cəsarətlidir. Evə kiminsə yaxınlaşdığını tez hiss edərək hürə bilər. Ailəsinə güclü bağlılığı ilə seçilən bu itlərin gündəlik fiziki və zehni aktivliyə ehtiyacı var. Ovçuluq instinkti güclü olduğundan küçədə onları nəzarətsiz buraxmaq məsləhət görülmür.
7. Yorkşir teryeri
Yorkşir teryeri kiçik, lakin cəsarətli və diqqətli it cinsidir. Vaxtilə tekstil fabriklərində gəmiriciləri ovlamaq üçün yetişdirilib. Yad səsləri və qonaqları tez hiss edir, eyni zamanda sahibinə güclü şəkildə bağlanır. Yorkşirin həddindən artıq hürmənin qarşısını almaq üçün erkən sosiallaşdırılmaları vacibdir. Onlara qısa gəzintilər və oyunlar kifayət edə bilər. Uzun tükləri isə müntəzəm qulluq tələb edir.
it it cinsləri ev təhlükəsizliyi yaşlı insanlar
Mənbə: lent.az