ABŞ-da 100 yaşlı Çarli Pritçett tələbə olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dörd uşaq atası olan Pritçett veteran, keçmiş aviadiçer, idman şərhçisi, naşir və professor kimi fəaliyyət göstərib.
Təqaüdə çıxdıqdan sonra Floridanın Pensakola şəhərinə köçən Pritçett burada universitetə daxil olub. O, təsadüfən öyrənib ki, Florida ştatında yaşı 60-dan yuxarı olan sakinlər universitet dərslərində pulsuz iştirak edə bilirlər.
Bundan sonra təhsilini davam etdirmək qərarına gələn 100 yaşlı kişi indiyədək 51 müxtəlif kurs keçib və dayanmaq niyyətində olmadığını bildirib.
Pritçett uzunömürlülüyünün əsas səbəblərindən birinin daim yeni biliklər əldə etməyə maraq göstərməsi olduğunu düşünür. O, hətta özündən iki dəfə gənc müəllimlərin dərslərində belə diqqəti üzərinə çəkməməyə və sadə tələbə kimi davranmağa çalışdığını deyib.
Yaşlı kişi həyat yoldaşı Şeyla ilə birlikdə qatıldığı dərsləri xüsusilə xoş xatırlayır. Həyat yoldaşının üç il əvvəl vəfat etməsinə baxmayaraq, o, təhsilini dayandırmayıb.
Hazırda Pritçett idman sosiologiyası ilə maraqlanır, bilyard öyrənir, yaşadığı qocalar evində yeddi nəfərdən ibarət orkestr yaradıb və həftədə iki dəfə 45 dəqiqə üzgüçülüklə məşğul olur.
O, uzunömürlülüyündə genetikanın da rol oynadığını etiraf edib. Pritçettin anası və babası 101, xalası isə 103 yaşına qədər yaşayıb.
100 yaşlı tələbənin əsas məsləhəti isə sadədir: hər yeni günə minnətdarlıq hissi ilə başlamaq. Onun sözlərinə görə, daim məşğul olmaq və yeni nələrsə öyrənmək insana həyat sevinci verir.
ABŞ Tələbə 100 yaşlı kişi tələbəMənbə: lent.az