Dərman qəbul edərkən onu hansı maye ilə içməyin əhəmiyyətsiz olduğunu düşünmək düzgün deyil. Bəzi içkilər preparatın qoruyucu örtüyünə təsir göstərə və dərmanın nəzərdə tutulduğundan daha tez həll olunmasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Semmelveys Universitetinin tədqiqatçıları müxtəlif mayelərin dərmanların həllolma xüsusiyyətlərinə təsirini araşdırıblar.
Mütəxəssislər xüsusilə bağırsaqda həll olunmaq üçün hazırlanmış xüsusi örtüklü tabletlərə diqqət çəkiblər. Belə preparatların üzərindəki qoruyucu təbəqə dərmanın mədədə deyil, bağırsaqda həll olunmasını təmin etmək üçün hazırlanır.
Araşdırmaya görə, tərkibində çoxlu mineral və ion olan bəzi qələvi və müalicəvi mineral sular bu örtüyün daha tez parçalanmasına səbəb ola bilər. Nəticədə dərmanın aktiv maddəsi nəzərdə tutulduğundan əvvəl mədədə azad oluna bilər.
Bu halda preparatın təsiri zəifləyə, bəzi dərmanlar isə mədənin selikli qişasını qıcıqlandıra bilər.
Tədqiqatçılar müxtəlif mineral suları, adi suyu və bəzi şirələri sınaqdan keçiriblər. Nəticələr mayenin turşuluğunun və mineral tərkibinin dərmanın örtüyünün necə həll olunmasına təsir göstərə bildiyini göstərib.
Mütəxəssislərin fikrincə, dərman qəbul etmək üçün ən təhlükəsiz seçim adi, qazsız və otaq temperaturunda olan sudur.
Həkim və ya istehsalçı xüsusi göstəriş verməyibsə, tabletləri mineral su, qəhvə, şirə və digər içkilərlə qəbul etmək məsləhət görülmür.
Həmçinin kapsulları açmaq, tabletləri əzmək və ya dərmanı qidaya qarışdırmaq yalnız preparatın təlimatında buna icazə verildiyi halda edilməlidir.
Mütəxəssislər dərman qəbul etməzdən əvvəl onun istifadə təlimatını diqqətlə oxumağı və xüsusi qaydalar olduqda onlara əməl etməyi tövsiyə edirlər.
qazlı su mineral su dərmanMənbə: lent.az