Ukrayna və Azərbaycan zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulması, o cümlədən İrpendə birgə infrastruktur layihələrinin həyata keçirilməsi üzrə danışıqlar aparır.
Bu barədə Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, WUF13 iki ölkə arasında əməkdaşlığın müzakirəsi üçün mühüm platforma olub.
"Bugünkü forum Azərbaycanla əməkdaşlığımızın ən yaxşı nümunəsidir. WUF13 platformasında hökumət nümayəndələri ilə görüşlərimiz keçirilir, bərpadan infrastruktur və iqtisadiyyata qədər bir çox məsələlər müzakirə olunur", - o deyib.
O. Kuleba İrpenin bərpasının əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
"İrpendə birgə layihələrimiz var. Azərbaycan Ukrayna üçün simvolik əhəmiyyətə malik dörd obyektin bərpasına kömək edir. Bu dəstəyə görə Azərbaycana çox minnətdarıq", - baş nazirin müavini vurğulayıb.
Onun sözlərinə görə, tərəflər həmçinin konkret layihələrin həyata keçirilməsi məsələləri ilə bağlı texniki məsləhətləşmələr aparır.
"Biz texniki səviyyədə reallaşdırmanın detallarını müzakirə edirik və əminəm ki, bu, həm Ukrayna, həm də Azərbaycan üçün çox məhsuldar əməkdaşlıq olacaq", - Oleksiy Kuleba qeyd edib.
O, həmçinin ölkələr arasında humanitar əməkdaşlığı, o cümlədən Azərbaycanda ukraynalı uşaqların reabilitasiyası layihələrini xatırladıb.
Ukraynanın WUF13-də iştirakına toxunan Kuleba vurğulayıb ki, Kiyev bərpanı yalnız müharibənin nəticələrinin aradan qaldırılması olaraq deyil, həm də ölkənin modernləşdirilməsi üçün bir imkan kimi qiymətləndirir.
"Bu gün söhbət yalnız faciədən getmir. Biz bərpanı yeni, daha dayanıqlı infrastruktur yaratmaq imkanı kimi qəbul edirik və bu təcrübəni tərəfdaşlarımızla bölüşməyə hazırıq", - o bildirib.