IMG-LOGO

Bəhreyn qadınların hüquqlarını nəzərə alan ədalətli mənzil siyasəti təşəbbüsü ilə çıxış edir

17 May 2026 14:46 3 baxış
IMG

Bəhreyn planlaşdırma və qərarların qəbulu zamanı qadınların və qızların ehtiyaclarını nəzərə almağa imkan verəcək ədalətli və hərtərəfli mənzil siyasətinə çağırır.

"Report" xəbər verir ki, bunu Bəhreynin mənzil tikintisi və şəhərsalma naziri Əminə Əl-Rumayhi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasında deyib.

Onun sözlərinə görə, insanlar üçün mənzil yalnız başlarının üstündə dam deyil, həm də insan ləyaqəti, ailə sabitliyi, sosial ədalət və həyat keyfiyyəti məsələsidir.

"Bu baxımdan ədalətli və hərtərəfli mənzil siyasətinin formalaşdırılması planlaşdırma və qərarların qəbulu zamanı qadınların və qızların ehtiyaclarını nəzərə almağa imkan verəcək", - nazir qeyd edib.

Onun sözlərinə görə, Bəhreyn Krallığında qadınların hüquq və imkanlarının genişləndirilməsi davamlı və inklüziv inkişafın əsas elementlərindən biri kimi qəbul edilir.

Əl-Rumayhi vurğulayıb ki, ölkənin Mənzil Tikintisi və Şəhərsalma Nazirliyi ailə sabitliyinin möhkəmləndirilməsinə və qadınların ədalətli əsasda layiqli mənzilə çıxışının təmin edilməsinə kömək edən mənzil xidmətlərinin inkişafı üzərində işləyir.

O bildirib ki, 2025-ci ilə qədər Bəhreyndə 6 555-dən çox qadın mənzil xidmətlərindən yararlanıb.

"Regionlarda daha çox ehtiyacı olan qadınlara, yetimlərə, əlilliyi olan insanlara, dul və hamilə qadınlara xüsusi diqqət yetirilir", - nazir deyib.

Nazir həmçinin qadınların şəhər inkişafı sahəsində qərarların qəbulu proseslərində iştirakının vacibliyini vurğulayıb.

"Qadınlar ailəyə, qayğıya, gündəlik həyata və ətraf mühitin keyfiyyətinə fərqli baxış təklif edirlər. Məhz bu elementlər dünyanın ən yaxşı şəhərlərini yaradır", - Əl-Rumayhi bəyan edib.

Onun sözlərinə görə, daha ədalətli və davamlı gələcək qurmaq üçün beynəlxalq tərəfdaşlığı və fikir mübadiləsini genişləndirmək lazımdır.

Xəbər lenti