Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq hər iki ölkə üçün son dərəcə faydalı olacaq.
Bunu Çexiyanın regional inkişaf naziri Zuzana Mrazova "Report"un sualına cavabında bildirib.
"Çexiyanın Regional İnkişaf Nazirliyi Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında birbaşa əlaqələrin qurulmasına kömək etməyə hazırdır. Şəhərlərdə ağıllı həllərin tətbiqi sahəsində zəngin təcrübəmiz var və əminəm ki, bu təcrübəni Azərbaycana uğurla ötürmək mümkündür", - nazir qeyd edib.
Çexiyanın Qarabağda tikinti-bərpa işləri prosesinə verə biləcəyi töhfə barədə danışan Mrazova Çexiya şirkətlərinin iqtisadi və praktiki dəstək göstərə biləcəyini vurğulayıb.
"Bizim şirkətlər, məsələn, tikinti və ya tibb müəssisələrinin inkişafı sahəsində faydalı ola bilər, çünki Çexiya tibb sahəsinin yüksək səviyyədə inkişaf etməsi ilə məşhurdur. Düşünürəm ki, bu istiqamətlərdə sizə əhəmiyyətli yardım göstərə biləcəyik", - çexiyalı nazir bildirib.