Sərin səhərlər gördüyümüz dumanın sadəcə xırda su damcılarından ibarət olmadığı məlum olub. Alimlər müəyyən ediblər ki, onun daxilində yaşayan bakteriyalar yalnız bu mühitdə sağ qalmır, həm də havanı zərərli çirkləndiricilərdən təmizləyə bilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər artıq uzun illərdir bilirlər ki, bakteriyalar atmosferdə hərəkət edə, hava axınları ilə daşına, buludlara düşə və hətta qitələr arasında yayıla bilir.
Tədqiqatçılar müəyyən ediblər ki, duman damcılarının 1 faizindən az hissəsində bakteriyalar mövcuddur. İlk baxışda bu rəqəm çox kiçik görünür. Lakin damcıların ümumi sayı nəzərə alındıqda mənzərə tam dəyişir.
Bütün damcılar birlikdə hesablandıqda, dumandakı bakteriya konsentrasiyasının okeanlardakı səviyyəyə yaxın olduğu ortaya çıxıb. Cəmi bir kiçik barmaqcıq ölçüsündə duman suyunda təxminən 10 milyon bakteriya mövcuddur.
Aşkar olunan mikroorqanizmlər arasında xüsusilə Metilobakteriyalar diqqət çəkib. Analiz göstərib ki, duman yaranmazdan əvvəl havada bu bakteriyaların sayı daha az olub. Duman formalaşdıqdan sonra isə onların miqdarı artıb. Bu da dumanın bakteriyaların çoxalmasını aktiv şəkildə stimullaşdırdığını göstərir.
Ən maraqlısı isə odur ki, bu bakteriyalar insanlar üçün faydalı hesab olunur. Onlar sadə karbon birləşmələri, xüsusilə də havanı çirkləndirən Formaldehid ilə qidalanırlar. Formaldehid ozon dumanının yaranmasına səbəb olur və insan sağlamlığına mənfi təsir göstərir.
Laboratoriyada aparılan müşahidələr zamanı alimlər mikroskop altında bakteriyaların sadəcə damcıların içində mövcud olmadığını, həm də böyüyərək bölündüyünü görüblər. Araşdırma zamanı məlum olub ki, bakteriyalar formaldehidi böyümək üçün enerji mənbəyi kimi istifadə edirlər.
Alimlər vurğulayırlar ki, duman suyu steril deyil. O, atmosferdəki kimyəvi maddələrlə qarşılıqlı əlaqədə olan canlı bakteriyalar ehtiva edir. Buna görə belə su istifadə edilməzdən əvvəl mütləq yoxlanmalı və təmizlənməlidir.
Araşdırmanın digər vacib nəticəsi gecə vaxtı atmosfer kimyası ilə bağlıdır. Müasir modellərin çoxu günəş işığı altında baş verən reaksiyalara əsaslanır. Lakin bakteriyalar gün batdıqdan sonra da aktiv fəaliyyət göstərməyə davam edir.
maraq
