Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakin Murad Süleymanov məcburi köçkünlük həyatının bitdiyi üçün ailəsinin çox sevincli olduğunu bildirib.
O bu barədə "Report"un Qarabağ bürosunun Cəbrayıla ezam olunan əməkdaşı ilə söhbətində bildirib.
"Doğma kəndimizə döndüyümüz üçün çox sevincliyik. 1993-cü ildə kəndi məcburi tərk edərək əvvəlcə Beyləqan, daha sonra Biləsuvar rayonunda inşa edilən şəhərcikdə məskunlaşdıq. 18 il həmin şəhərcikdə yaşadıqdan sonra doğma yurda qayıtmaq nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, onlara minnətdarıq ki, bu günü bizə yaşadıblar. İndi əsas arzum budur ki, övladlarımız və nəvələrimiz doğma yurdlarında firavan və xoşbəxt yaşasınlar. Ailəmiz 6 nəfərdən ibarətdir. Kənddə yaradılan şərait olduqca yüksək səviyyədədir və yaşayış üçün bütün imkanlar təmin olunub", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib. Bu mərhələdə kəndə 107 ailənin (453 nəfər) daimi qayıdışı təmin olunub.