Qırğızıstan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüslə çıxış edib.
"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitində bildirib.
Onun sözlərinə görə, təşəbbüs çərçivəsində beynəlxalq axtarış və türk dövlətləri arasında məlumat mübadiləsi rəqəmsal sisteminin işə salınması nəzərdə tutulur.
Japarov elektron imzaların qarşılıqlı tanınması haqqında saziş layihəsinin vacibliyini vurğulayaraq, onu türk dövlətləri arasında vahid rəqəmsal məkanın formalaşdırılması yolunda əhəmiyyətli addım hesab edib.
Prezident xatırladıb ki, sentyabrda Qırğızıstanda VI Ümumdünya Köçəri Oyunlar keçiriləcək, o, dövlət başçılarını və onların nümayəndə heyətlərini qarşıdan gələn oyunlarda fəal iştirak etməyə dəvət edib.