IMG-LOGO

Keniya WUF13 sammitində Afrikadakı mənzil böhranını müzakirəyə çıxaracaq

15 May 2026 14:50 3 baxış
IMG

Keniyanın Nazirlər Kabinetinin Baş katibi Musalia Mudavadi Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.

Bu barədə "Report" yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, Mudavadinin rəhbərlik etdiyi nümayəndə heyəti Afrika ölkələrində mənzil böhranının həlli yollarının axtarışına töhfə vermək məqsədilə forumun işində fəal iştirak etmək niyyətindədir.

Mudavadi qarşıdan gələn forumun vacibliyini qeyd edərək bildirib ki, mənzil problemlərinin həlli şəhərlərin inklüziv, davamlı və balanslaşdırılmış inkişafının əsas hərəkətverici qüvvəsi olaraq qalır.

O vurğulayıb ki, forum ölkələrin müzakirələrdən mənzil təşəbbüslərinin praktiki icrasına keçməli olduğu xüsusilə vacib bir məqamda keçirilir.

"Keniya və Afrikada urbanizasiya misli görünməmiş templərlə sürətlənir və indi danışıqlardan hərəkətə keçməyin vaxtı çatıb. Bir nəsil ərzində şəhərlərimiz yüz milyonlarla yeni sakin qəbul edəcək. Xüsusilə, proqnozlara görə, 2050-ci ilə qədər Afrikanın şəhər əhalisi 700 milyondan 1,4 milyard nəfərə qədər artacaq", - Mudavadi bildirib.

Onun sözlərinə görə, əgər şəhərlərin böyüməsi nəzarətsiz qalarsa, bu, mənzil çatışmazlığını daha da ağırlaşdıra, dövlət xidmətlərini həddindən artıq yükləyə, havanın çirklənmə səviyyəsini artıra və bütövlükdə iqlim dəyişikliyi ilə bağlı riskləri yüksəldə bilər.

Keniya nümayəndə heyətinin rəhbəri Keniya Prezidenti Uilyam Rutonun irəli sürdüyü əlçatan mənzil proqramı sayəsində ölkənin mənzil sahəsindəki irəliləyişini xüsusilə qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və davamlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Xəbər lenti