Qazaxıstan 2027-ci ildə Bişkekdə keçiriləcək Hökumətlərarası Komissiyanın iclası zamanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) 2027-2036-cı illər üçün inkişaf strategiyasını təsdiqə çıxarmağı planlaşdırır.
Bu barədə "Report" Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası zamanı Qazaxıstan TRACECA Hökumətlərarası Komissiyasında sədrliyi qəbul edib və Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafının əsas prioritetlərini müəyyən edib.
İşin əsas istiqamətlərindən biri TRACECA dəhlizinin 2027-2036-cı illər üçün inkişaf strategiyasının hazırlanmasının başa çatdırılması olacaq. Qazaxıstan iştirakçı dövlətlərlə birlikdə sənədi təkmilləşdirməyi və 2027-ci ildə Bişkekdə TRACECA Hökumətlərarası Komissiyasının iclası zamanı onu təsdiqə çıxarmağı planlaşdırır.
Eni zamanda, prioritetlər sırasında TRACECA-nın islahatı üzrə yeni konsepsiyanın təsdiqi də yer alır. Sənəd qlobal rəqəmsallaşmanı, beynəlxalq logistika zəncirlərinin transformasiyasını, yeni texnologiyaların tətbiqini və tranzit daşımalarının həcminin artımını nəzərə almaqla nəqliyyat dəhlizinin inkişafına müasir yanaşmaları müəyyən edəcək.