Türk Dövlətləri Təşkilatı (TDT) hazırkı mərhələdə özünü hərbi alyans kimi göstərmir, lakin üzv ölkələr arasında hərbi-texniki əməkdaşlıq gələcəkdə güclənəcək.
"Report"un Türküstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Qazaxıstan İctimai İnkişaf İnstitutunun İnstitusional Təhlil və İslahatlar Mərkəzinin direktoru Rizzat Tasım agentliyin sualına cavab olaraq jurnalistlərə bildirib.
Ekspert qeyd edib ki, TDT ölkələri silah istehsalı və hərbi-texniki əməkdaşlıq sahəsində böyük təcrübə toplayıb və bu, dövlətlər arasında təcrübə mübadiləsi üçün zəmin yaradır.
"Nəzərə almaq vacibdir ki, TDT ölkələrinin hərbi-texniki əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir – üzv ölkələr həm daxili silah istehsalı sahəsində böyük təcrübə toplayıb, həm də burada məhz təcrübə mübadiləsi üçün platforma mövcuddur. Azərbaycan hərbi-texniki baxımdan Qazaxıstana və Qırğızıstana çox şey verə bilər, çünki onun real hərbi əməliyyat təcrübəsi var", - Tasım bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, Qazaxıstan üçün ordunun hazırlığı xüsusi əhəmiyyət kəsb edir. Ekspertin fikrincə, gələcəkdə TDT ölkələrinin hərbi-texniki inteqrasiyası güclənəcək və birgə təlimlərin keçirilməsi də burada rol oynayacaq.
Tasım həmçinin qeyd edib ki, TDT-nin tamhüquqlu hərbi alyansa çevrilməsindən danışmaq hələ tezdir.
"Dövlət başçıları səviyyəsində hələlik belə bəyanatlar verilməyib", - o əlavə edib.